Sarkoziyə demokratiya dərsi: “Çox günahları var” – Bumeranq !

Fransanın keçmiş prezidenti Nikola Sarkozi üç il müddətinə azadlıqdan məhrum edilib. O, korrupsiyada və “nüfuz alverində” ittiham olunur.
Məhkəmə Sarkozini kassasiya məhkəməsi əməkdaşını rüvşətlə satın almaqda təqsirli bilib. Keçmiş prezident bu cəzanın ən azı bir ilini həbsxanada çəkəcək.



Sarkozinin həbsini “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, qərb dövlətləri, həmçinin Fransa daim digər ölkələrə, Şərq xalqlarına demokratiya dərsi keçiblər:

“Onlar hər zaman elə başa düşürlər ki, müsəlman toplumu onların dediklərinə əməl etməlidir. Fransa İkinci Qarabağ savaşında da bizə demokratiya dərsi keçirdi. Sarkozinin Fransanın həm daxili, həm də xarici siyasətində çox böyük qara-qura işləri olub.

Deyirdilər ki, bu şəxs məsuliyyətə cəlb olunmalıdır. Həqiqətən də o, ölkə daxilində qanunları pozurdu. Ümumiyyətlə, Sarkozinin çoxsaylı qanunsuz əməlləri qeydə alınıb”.

Politoloqun qənaətincə, Sarkozinin məsuliyyətə cəlb edilməsi və həbsi Qərb demokratiyasının dirçəlməsinə qulluq edə biləcək addımdır:

“Qərb dövlətlərinin çoxsaylı hərbi, insan haqları və seçki cinayətləri olub. Fransa prezidenti Emmanuel Makronun dövündə küçə döyüşləri zamanı əhaliyə çox pis divan tutublar. Fransanın demokratiya aid səsləndirdiyi şüarlarla bu hadisələrin yaşanması üst-üstə düşmür.

Ona görə də Sarkozinin həbsi Fransa cəmiyyəti üçün çox vacib nümunədir. Sabiq prezident buraxdığı səhvlərə və qanun pozuntularına görə məsuliyyətə cəlb olunur.

Həqiqətən də Sarkozinin üzərində çox böyük günahlar var. Hesab edirəm ki, 1 il həbs çox “yumşaq” qərardır, amma 1 il həbsdə qalmaq ona həyati bir dərs olacaq.

Yəni “sən demokratiyanın keşiyində duracaq prezident idinsə, gərək qanunları pozmayıb, digər xalqlara yuxarıdan aşağı baxmayaydın!”.