Tarix institutunda yenilik: Kollektivin iş imkanları genişləndirilib

"AMEA Tarix institutunda həyata keçirilən ümumi islahatların tərkib hissəsi kimi institutun mövcud mülkiyyətindən səmərəli istifadə edilməsi tədbirləri də həyata keçirilir. Belə ki, indiyədək institutda kollektivin ümumi yığıncaqlarının, Elmi şuranın və dissertasiya şurasının iclaslarının keçirilməsi üçün konfrans zalı yox idi. Bu vəziyyət elmi diskussiyaların və dəyirmi masaların təşkilinə də imkan vermirdi. Şöbələrarası müzakirələrin keçirilməsi, kolllektivin inteqrasiyasında da çətinlik yaranırdı".

Bu haqda Sherg.az-a AMEA Tarix İnstitutu İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumat verilib. Xəbərdə bildirilir ki, institut rəhbərliyi səmərəli elmi fəaliyyətə mane olan bu halı aradan qaldırmaq məqsədi ilə indiyədək institut direktorunun kabineti kimi istifadə edilən geniş otağı müvafiq dəyişikliklər həyata keçirməklə konfrans zalı kimi təşkil etmişdir. Onun müasir standartlara cavab verməsi üçün zəruri texniki təminat işləri görülür. Bu yenilik nəticəsində institutun kollektivi elmi şuraların, dissertasiya şuralarının və digər elmi məclislərin keçirilməsi üçün müvafiq imkan əldə edə bilmişdir. İnstitut əməkdaşlarının iş yerində elmi yaradıcılıq planlarını reallaşdırması üçün əlverişli şəraiti yaradılması istiqamətində də tədbirlər həyata keçirilir.