Cəmiyyətdə vəhşiliklər artır

Tədbir görmək lazımdır, seyrçi mövqedə qalmaq olmaz

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu sevdiyi qızın ailəsi tərəfindən yandırılıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin yardım göstərilib, ailəsi müalicəni davam etdirmək üçün onu paytaxta gətirib. Qeyd edək ki, hadisə Bərdədə baş verib.
Ümid edirik ki, gənc həyata qayıdacaq. Ancaq olayın izləri, psixoloji təsirləri onun yaddaşında daim qalacaq.

 Bəs cəmiyyətdə yayılan bu vəhşiliyin səbəbi nədir? 

“Şərq”lə həmsöhbət olan sosioloq-alim Əhməd Qəşəmoğlu qloballaşma ilə əlaqədar cəmiyyətin getdikcə mürəkkəbləşdiyini, dəyişdiyini söyləyib:

“Bu prosesi nəzarətsiz qoymaq olmaz. Təkcə mən yox, dünyanın məşhur alimləri deyir ki, cəmiyyətdəki prosesləri sadəcə müşahidə etməməliyik. Elmin köməyilə müdaxilə etmək lazımdır.

Biz isə maarifləndirmə işləri aparmırıq. Hansısa sahədə lazımi qaydada işlər görülmür. Televiziyalarımız  yalnız çal-çağırla məşğuldur. Dəfələrlə bildirirəm ki, qabaqlayıcı tədbirlər görməliyik.

Mən də təmənnasız dəstək olmağa hazıram. Yaşlılar, valideynlər, ağsaqqallar, gənclər - hər kəs maarifləndirilməlidir. Müasir şəkildə, elmi əsaslarla bu proses aparılmalıdır.

Son illər Avropada inkişaf etmiş elmlərin - sosial psixologiyanın, sosiologiyanın köməyi ilə qabaqlayıcı tədbirləri həyata keçirməliyik”.