Görüş: “Zəngəzur dəhlizinin açılması masaya çıxarılacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş keçiriləcək. Dövlət başçıları “Akkuyu” Atom Elektrik Stansiyasının üç nömrəli enerji blokunun təməlqoyma mərasimi zamanı bu barədə razılığa gəldiklərini bəyan ediblər. Görüşün yaxın zamanlarda baş tutacağı bildirilir.


Qeyd edək ki, dünən Türkiyənin Mersin şəhərində “Akkuyu” AES blokunun təməlqoyma mərasimi təşkil olunub. Ölkə prezidenti R.T.Ərdoğanın iştirak etdiyi tədbirə Rusiya prezidenti V.Putin də videokonfrans vasitəsilə qatılıb.

Liderlər arasında görüşün dəqiq tarixi hələ məlum deyil. Amma onların kifayət qədər ciddi məsələləri müzakirə edəcəyi məlumdur.

 Bu barədə “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fikrincə, əsas müzakirə predmetlərindən biri Qarabağ olacaq: 

“Əlbəttə, prezidentlər regionda, o cümlədən Qarabağda sülhün, sabitliyin tərəfdarıdırlar. Dialoq da, yəqin, bu istiqamətdə gedəcək. İki böyük güc fəaliyyətlərini nə qədər qarşılıqlı hörmət çərçivəsində saxlasa, bu, bizim üçün bir o qədər yaxşıdır.

Çünki türk əsgərləri və rus sülhməramlıları Qarabağdadır. Torpaqlarımızda sülh və sabitliyin təmin olunmasında türk əsgərlərinin müstəsna rolu hər birimizə məlumdur. Və eyni zamanda sülhməramlıların statuslarına uyğun fəaliyyətləri də bizim üçün çox əhəmiyyətlidir.

Məhz belə olan halda revanşist meyillərin mövcud vəziyyəti dəyişmək cəhdlərinin qarşısını almaq olar. Eyni zamanda Qarabağın gələcək perspektivi müzakirə ediləcək. Hər halda müzakirə formatı artıq dəyişib.

Əgər əvvəllər oranın taleyi, ermənilərin cəhdlərinin qarşısının alınmasına dair danışılırdısa, indi Qarabağın regionun inkişafı istiqamətindəki rolu təhlilə çəkilir.

Çünki region ölkələrinin, xüsusilə Azərbaycan və Türkiyənin bir-birinə yaxınlaşmasında, əməkdaşlığında Qarabağın böyük əhəmiyyəti var. Deməli, burada infrastuktur layihələrin həyata keçirilməsi də gündəmdə olacaq”.

S.Seyidov, həmçinin digər müzakirə mövzuları barədə də proqnozlarını verdi:

 “Sözsüz ki, Zəngəzur dəhlizinin açılması haqqında da danışılacaq. Çünki məhz bu addımın nəticəsində regionda yeni reallıq yaranacaq. Habelə Türkiyə və Rusiya dövlət başçıları ortaq təhlükələrə qarşı birgə mübarizəyə dair fikir mübadiləsi aparacaqlar.

Həmin dövlətlərin müstəqilliyinə zidd təşəbbüslərin olduğu kimsəyə gizli deyil.

Bütün bunlarla yanaşı, “S-400” məsələsi, ABŞ və Avropa Birliyi ilə münasibətlər də masaya çıxarılacaq”.