Müdirlikdən imtina etdi

Həyatını qulançara bağladı və kənd qadınlarına çörək verdi

Türkiyənin Orta Doğu Texniki Universitetinin idarəçilik ixtisası üzrə məzunu Əsli Aksoy quşqonmaz bitkisini ilk dəfə xarici ölkədə olarkən dadıb. Quşqonmaz bildiyimiz qulançardı. Bəzi bölgələrdə mərəçüyüd, mollaçiçəyi də deyilir. Bu bitki mineral maddələr deposudur; mis, dəmir, sink, selen, kalium, sodium, patsium, maqnezium, fol, asparagin turşusu, vitamin A, B6, B12...

Yəni Mendeleyev cədvəlindəki kimyəvi maddələrin az qala yarısı bu bitkidə cəmləşib. Qulançar ürək-damar sistemi, qan təzyiqi, böyrək çatışmazlığı, şəkər, qara ciyər xəstəliklərində faydalıdır. Qanı təmizləyir, xərçəngə qarşı effektlidir. İltihab əleyhinədir. Görünür, bunları bildiyindən universitet məzunu Əsli Aksoy onun yetişdirilməsinə qərar verib.

Muğlanın Yeşilcam məhəlləsindəki torpaq sahəsində kənd qadınları ilə birlikdə qulançar becərilməsinə başlayıb. Və böyük uğur hekayəsinin müəllifi olub. Əsli Aksoy qulançar bitkisinin becərilməsində əldə etdiyi uğura görə Türkiyənin Tarım və Orman naziri Bəkir Pakdəmirli tərəfindən mükafata layiq görülüb.

Əsli isə bu mükafatı onunla birgə çalışan bütün kəndli qadınların nailiyyəti olduğunu deyib. “17 ailənin büdcəsi bu bitkinin becərilməsindən gəlir əldə edir.

17 ailə qulançarın gətirdiyi qazancla dolanır” deyən kənd qadınları 5 ildir quşqonmaz becərdiklərini və ailə büdcələrinə gəlir gətirdiklərini söyləyiblər.

Kənd qadınları “Əsli xanım gəldi və bura bir qapı açdı. O zamandan bəri tarlada çalışırıq. Ev işlərimizi görməyə də vaxtımız qalır. Həm tarlada, həm evdə çalışırıq. Bizim üçün çox yaxşıdır” deyirlər.

Əsli Aksoy isə universiteti bitirdikdə ona təklif edilən müdir işindən imtina edib. Tarlada çalışmağı müdirlikdən üstün tutub.