Ailə həkimlərinin sayı çox azdır

Amma gec-tez bu institut tam formalaşmalıdır

"Ailə həkimi öz xəstəsini uzun illər nəzarətdə saxlayır və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olur"


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, hazırda Azərbaycanda ailə həkimi kimi fəaliyyət göstərə biləcək həkimlərin sayı azdır. Onun sözlərinə görə, əsas hədəflərdən biri ailə institutunun tam tərkibdə fəaliyyətə başlamasıdır. İlkin mərhələdə Mingəçevir, Yevlax və Ağdaşda bu layihə həyata keçirilməyə başlanılıb. Orada agentliyin tabeliyində olan müəssisələrdə ailə sağlamlıq mərkəzləri yaradılıb:

“Bu, əvvəllər sahə üzrə fəaliyyət göstərən sahə terapevtləri, sahə pediatrları və qadın məshələtxanalarında fəaliyyət göstərən ginekoloqları özündə cəmləşdirdi. Əsas məqsəd odur ki, ailə sağlamlıq mərkəzləri, ailə həkimi institutu tam olaraq formalaşsın.  Ailə sağlamlıq mərkəzlərinin məqsədi xəstəxanaların üzərinə düşən yükü azaltmaqdır. Ölkənin gələcək tələbatını nəzərə alaraq, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində Azərbaycan Tibb Universitetində ailə həkimin hazırlanması ilə bağlı fəaliyyətə başlanılıb. Həkimlərimiz artıq ailə həkimi olaraq da yetişməyə başlayırlar. Gələcək dövrdə ailə həkimi institutu tam formalaşacaq”. 

“Ailə həkimi” ifadəsinin hansı məna daşıdığını, ailə həkiminin hansı funksiyaları daşıyacağını bilməyənlər də var.  Əslində, burada çətin anlaşılan məsələ yoxdur. Uşaq anadan olandan sonra yaşadığı ərazi üzrə poliklinika şöbəsində qeydiyyata salınır (salınmalıdır). Və poliklinika tərəfindən uşağa həmin sahəyə təhkim edilmiş  pediatr təyin olunur. Bu, bildiyimiz uşaq həkimidi. O həkim ki, qrafikə uyğun olaraq mənzilə gəlməli, körpənin səhhəti ilə maraqlanmalı, vaxtlı-vaxtında peyvənd olunması məsələsini valideyn qarşısında qaldırmalı və buna nail olmalıdır.

Həmçinin sahə həkimi – həm də uşaq həkimi ilk çağırışa gələndir. Körpədə nəsə bir problem yarandıqda valideyn ilk növbədə sahə həkiminə müraciət edir. Müalicəni də sahə həkimi təyin edir. Sovet vaxtı belə idi. Şəxsən bizim (müəllif M.Rzayeva) sahə həkimimiz vardı, familiyası indi də yadımdadır – Quliyeva. Həmişə məhz “doktor Quliyeva”  evimizə gələrdi, bizimlə maraqlanardı.

Polklinikaya mürciət etmək lazım gələndə də onun kabinetinə gedərdik (2 saylı şəhər poliklinikasının uşaq şöbəsi). İndi sahə həkiminin adını “ailə həkimi” qoyublar. Ailə həkimi nədir və fəaliyyəti nədən ibarət olacaq, bu barədə “Şərq”ə  həkim-terapevt Elvira Mirzəyeva məlumat verdi. Onu da qeyd edək ki, Elvira həkim artıq ailə həkimi kimi fəaliyyət göstərir:    

-Ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə deyilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilərlər. Ailə həkimi öz xəstəsini uzun illər nəzarətdə saxlayır və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olur.

Bir sözlə, ailə həkimi ailəyə xidmət edir və o, ailənin etibarlı həkimi olur. Ailə həkiminin tibbin bütün sahələrindən xəbəri olmalıdır. Ailə həkimi sağlamlıqla bağlı bütün problemlərin həllində iştirak edir, müəyyən müddətdən sonra ailənin bir üzvü kimi olur, həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalır.

Çünki ailə həkimi ailədə olan vərdişlərdən, genetikada olan problemlərdən xəbərdar olduğundan vaxtında profilaktik tədbirlər görə bilir. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olur. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verir.

Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olur, bu isə insana hansısa bir müalicəni tətbiq etməyin düzgün olub olmamasını müəyyən etmək imkanını verir. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olur. Bu xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edir.

Ailə həkimindən yüksək ixtisaslı peşəkar mütəxəssis olmaqla yanaşı həm də pasiyentlərlə sadə dildə danışmağı bacarmaq, müayinə və müalicənin bütün etapları haqqında dolğun məlumat vermək, xəstəni “eşitmək” talantına sahib olmaq da tələb olunur.

E.Mirzəyeva qeyd etdi ki, ailələr öz həkimlərini yaşadıqları ərazi üzrə seçəcəklər.

Ailə həkimi ambulator xidmət göstərəcək, lazım gəldikdə stasionar müalicə təyin edəcək, xəstəni müalicə müəssisəsinə yönləndirəcək. Əvvəllər bu işi sahə həkimləri yrinə yetirirdi. İndi isə ailə həkimləri olacaq. Hesab edilir ki, ailə həkimi institutunun formalaşması əhalinin sağlamlığının təminində və cəmiyətin sağlam inkişafında böyük əhəmiyyət daşıyacaq. Odur ki, ailə həkimini seçməyə tələsək.