Baydenin ən böyük səhvi: “Rəsmi Ankara ilə siyasətini düzgün qurmadı” 

“...Nəticədə Türkiyə ilə Rusiya arasında əməkdaşlıq gücləndi”

“Halbuki, o, Türkiyəyə F-35-ləri satsa idi, belə olmazdı”

“Rəsmi Vaşinqton Aralıq dənizində Türkiyənin təklənməsinə imkan verməməli, Suriyada PKK-nı silahlandırmamalı idi”


“Bayden hökuməti  Türkiyənin Rusiya ilə əməkdaşlığını qəbullana bilmir. Regionda təzyiqləri hər istiqamətdə artırmağa çalışır. Ancaq anlamalıdır ki, elə bu səbəbdən Türkiyəni itirdilər...”. 
Bu sözləri siyasi analitik Rusif Məmmədsoy özünün “Facebook” səhifəsində yazıb. Son vaxtlar gərginləşən geosiyasi vəziyyət və baş verənlərin fonunda Türkiyə Rusiya yaxınlaşması göz önündədir. Deməli, özünü “dünyanın ağası” hesab edən ABŞ təklənir. Ekspert bu barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Bayden hökuməti Türkiyə ilə siyasətini düzgün qurmadı. O, Trampın diplomatiyasını davam etdirir. Beləliklə, əslində keçmiş administrasiyanın aqibətini yaşaya bilər. Məlumdur ki, rəsmi Ankaraya qarşı münasibətin adekvat olmadığına görə ABŞ-da hökumət əleyhinə impulslar da yaranmışdı. Çünki Türkiyə kimi güclü dövlətlə müttəfiqlik rəsmi Vaşinqtona lazımdır. Qardaş ölkə indi beynəlxalq güclərdən birinə çevrilib. Amerika da bunu anlamalıdır”.



R.Məmmədsoyun fikrincə, Türkiyəyə qarşı radikal münasibət ABŞ üçün yaxşı nəsə vəd etmir: 

“ABŞ rəsmi Ankaraya qarşı ikili münasibətlərlə onun kimi güclü bir partnyoru itirmiş oldu. Həmin ikili münasibət özünü hər şeydən nəvvəl separatçı qüvvələr olan PKK-nı dəstəkləməkdə göstərdi. Nəticədə Türkiyə ilə Rusiya arasında əməkdaşlıq gücləndi. Baydenin ən böyük səhvi Ankara ilə Moskvanın yaxınlaşmasına icazə verməsi oldu. Halbuki, o, Türkiyəyə F-35-ləri satsa idi, belə olmazdı. Rəsmi Vaşinqton Aralıq dənizində Türkiyənin təklənməsinə imkan verməməli, Suriyada PKK-nı silahlandırmamalı idi. Əlbəttə, vəziyyət belə davam edərsə, Ankara ilə Moskva arasında əməkdaşlıq bir az da möhkəmlənəcək.

Onsuz da ABŞ-la 70 illik hərbi əməkdaşlıq Türkiyəyə nəsə vermədi. Amma Rusiya ilə əməkdaşlıq etdikdən sonra rəsmi Ankara üçün xeyli perspektivlər açıldı, Suriyada söz sahibinə çevrildi. Çünki Rusiya da Türkiyəyə güvənir və ABŞ- a qarşı mübarizədə özünə müttəfiq qazanır. Onu da deyim ki, ABŞ-la münasibətər Türkiyəni narahat etməməlidir. Birincisi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın da dediyi kimi, nüvə silahına sahib olmaq qardaş ölkə üçün maraqlı deyil. Çünki Pakistanın nüvə silahı var. İkincisi isə Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün formalaşması gücümüzə güc qatır”.

Analitik, həmçinin dedi ki, Türkiyə Kremlə qarşı münasibətdə də “yüz ölçüb, bir biçir”:

“Rusiya Türkiyənin hələ də NATO-nun regiondakı təmsilçisi olduğunu yaxşı bilir. Yəni rəsmi Ankara NATO ilə “körpüləri tam yandırmayıb”. Deməli, balanslı siyasət yeridir, tərəflərdən biri ilə münsibəti digərinə qurban vermir. Türkiyə açıq-aydın bildirir ki, Rusiya ilə əməkdaşlıq etməsi onun heç də hər əməlinə göz yumacağı, səssiz qalacağı demək deyil”.