Rusiyanın caynağından qurtulmaq xeyli zaman alacaq

Ermənistanın blokadada olması Kremlin əlini gücləndirir

Ermənistanın “Politik.am” nəşrində dərc olunan məqalədə maraqlı məqamlar əksini tapıb. Məqalədə qeyd olunur ki, Ermənistan gec-tez Rusiyanın təsir dairəsindən çıxacaq və geosiyasətdə Qərbə istiqamətlənəcək. Yazıda vurğulanıb ki, bu, Ermənistan üçün yeganə yoldur. Qərb həm də NATO deməkdir, NATO isə Qafqazda Türkiyə ilə təmsil olunur:

“Əgər Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə tərəf üz tutsa, Türkiyə ilə münasibətlərə yüz faiz yenidən baxılmalıdır. Bu isə öz növbəsində “erməni soyqırımı”, Qarabağ məsələsindən tam olaraq imtina və nəticə etibarilə Zəngəzurdan əl çəkmək deməkdir. Ermənistan buna dövlətçiliyini qorumaq üçün razılaşmalıdır. Başqa seçimimiz yoxdur. Siz Gürcüstana baxın, bu gün heç bir dövlət bu ölkəyə bir şey deyə bilməz. Onun arxasında Qərb dayanır”. Portalın məlumatına görə, Qərbin Qara dənizdə rusların narahatlığına səbəb olmaq üçün Gürcüstana ehtiyacı var. Ermənistanın isə dənizi yoxdur və Qərbə yeganə maraq Yerevanın anti-İran strategiyası ola bilər.

Düşmən ölkə mediasında tirajlanan məqaləni “Şərq”ə dəyərləndirən millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, hazırda Ermənistanda siyasi kursun hansı yöndə inkişaf etməsi ilə bağlı ciddi müzakirələr gedir. Deputatın sözlərinə görə, Yerevan qərbyönlü, yaxud rusmeyilli siyasət yeritməklə bağlı konkret qərar verə, mövqe ortaya qoya bilmir:

“Əslində Baş nazir Nikol Paşinyan region ölkələrinin əməkdaşlığında, ölkənin iqtisadi inkişafında maraqlıdır. Amma Ermənistandakı revanşist qüvvələr buna imkan vermir. Paşinyanın hakimiyyətdə uzun müddət qala bilməyəcəyini iddia edirlər və buna nail olmaq üçün əllərindən gələni əsirgəmirlər. Ermənistanın ümumi cəmiyyətində siyasi xətt uzunmüddətli sülhə hesablanmazsa, regional əməkdaşlıq baş tutmayacaq.

Sözün açığı, indiki gedişlə Ermənistandakı radikal təfəkkür sahiblərinin yaxın günlərdə sülhməramlı siyasətə üstünlük verəcəyi inandırıcı görünmür. Bunun baş verməsi üçün düşmən ölkədə əlverişli şərait formalaşmalıdır. Yaxın bir neçə ildə mümkün görünmür. Ermənistanın ən böyük problemi isə xaricdəki küyə gedən diasporası və lobbisidir. Ermənilərin bütün problemləri onların diasporasından qaynaqlanır”. 

Parlament üzvü bəyan edib ki, Rusiya Ermənistanda daha çox güclənməyə çalışır:

“Ölkənin blokada vəziyyətində olması Kremlin əlini qüvvətləndirir. Ermənistan Moskvanın təsir dairəsindən birdəfəlik qurtulmaq üçün “Politik.am” nəşrində vurğulanan addımları atmalıdır. İlk növbədə uydurma “erməni soyqırımı”ndan və Qarabağ iddiasından vaz keçməlidir. Türkiyə və Azərbaycanla normal qonşuluq əlaqələri qurmaqda, bölgədəki mühüm iqtisadi layihələrə qoşulmaqda maraqlı olduğunu bəyan etməlidir. Həmçinin, bu istiqamətdə əyani davranış sərgiləməli, konkret addımlar atmalıdır. Yalnız o halda Rusiyanın caynağından xilas ola bilər”.