Sorosun “izi” Kremlin “izinə” qarışıb - Azərbaycana qarşı təxribat?

“Martın 23-də Avropa Parlamentinin üzvləri Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand,  AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən “Azərbaycanda erməni əsirləri var və onlarla  pis rəftar edilir” kimi qərəzli birgə bəyanat verilib”.

Bu sözləri siyasi analitik Yeganə Hacıyeva özünün Facebook hesabında yazıb. O, məsələnin mahiyyətini “Sherg.az”a izah etdi:

“Avropa Birliyi ilə Azərbaycanın münasibətlərini 2007-ci ildən izləyən biri kimi, “Avropa Qonşuluq Siyasəti”, “Şərq Tərəfdaşlığı Proqramı”, təklif edilən, lakin Azərbaycanın qəbul etmədiyi Assosiativ Üzvlük və nəhayət, hələ də tərəflərin üzərində işlədiyi Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Avropa təsisatlarında Azərbaycana qarşı fəaliyyət göstərən bütün şəbəkələr və onların bağlı olduğu dairələr haqqında geniş məlumatlıyam. Son aylar Avropa təsisatlarında Azərbaycanla bağlı “hərbi əsirlər” mövzusundakı səs-küydə Sorosun “uşaqlarının izi” Kremlin “uşaqlarının izinə” qarışıb. Ayın 23-dəki birgə bəyanatda isə Kremlin “izi” elə aydın görsənir ki, başqalarına şübhə yeri də qoymur”.