Ukrayna yalnız deyil: “Zelenski uyğun zamanın yetişdiyini hiss edib”


“Donbas partlamağa hazır bomba kimidir!”.
Bunu siyasi analitik Rusif Məmmədsoy özünün Facebook hesabında yazıb. O da digər politoloqlar kimi Ukrayna və Rusiya arasındakı son proseslərin getdikcə ziddəyətləşəcəyini düşünür.

Ekspert  fikirlərini daha geniş şəkildə “Sherg.az”la bölüşdü:

“Putin seçki öncəsi Donbasda münaqişənin alovlanmasında maraqlı olmalıdır. Çünki reytinqi çox enib. O, çox rahatlıqla qələbə qazanacağını düşünür. Əslində belə bir hal sürpriz deyil. Reallıq da bunu göstərir. Ukraynanın NATO- ya güvənməkdə nə dərəcədə haqlı olduğunu söyləmək çətindir. Çünki 2014-cü ildə də proseslər belə davam edirdi. Sonda meydanda yalnız qalan NATO-suz Ukrayna Donbasın ilhaqını izləməli oldu. Digər tərəfdən Vladimir Putin Donbası tamamilə işğal etsə də, Krıma quru yolu bərpa etsə də, istədiyi reytinqi qazana biləcəkmi? Maraqlı sual budur. Ruslar yeni müharibədən, hərbi " uğurlardan " həzz alır, yoxsa iqtisadi inkişafdan ?!

R. Məmmədsoy, həmçinin Türkiyənin mövqeyi barədə də danışdı:

“Hər halda Türkiyənin hələ də NATO-nun regiondakı ən güclü təmsilçisi olduğunu unutmamalıyıq. 2014-cü ildə Türkiyə bu qədər güclü, əsas söz sahiblərindən biri deyildi. Vəziyyət dəyişib. Türkiyəli rəsmilərin “Krımın işğalı ilə heç bir zaman barışmayacağıq” bəyanatlarının meydanda da öz əksini tapacağı ilə bağlı şübhəm yoxdur. Payız aylarında ukraynalı rəsmilərin  Ankara ilə hərbi əməkdaşlıq haqqında saysız-hesabsız müqavilələr imzalaması, Türk SİHA-larının Ukrayna arsenalına daxil edilməsi Rusiyaya açıq mesaj idi. Yəni Ukrayna yalnız deyil! Bəlkə də, Zelenski uyğun zamanın yetişdiyini hiss edib”.