Ermənistanla sülh müqaviləsi necə imzalanmalı? - Şərh: "Üçlü platforma"...

“Ermənistan "sülh müqaviləsi" imzalayıb, sərhədləri delimitasiya edib, kommunikasiyaları açıb. Qarabağ probleminin bizim dediyimiz kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində heç bir status vermədən həllinə nail olsaq, bu müqavilə imzalananda hansı dövlətlərin şahidliyi və iştirakı ilə bunu edəcəyik?!”.

Bunları BAXCP sədrinin müavini, politoloq Azər Qasımov özünün Facebook hesabında yazıb.



 O, sözügedən məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı: 
“Tutalım, ATƏT-in həmsədrlərini hazırda prosesdən kənarda tutmuşuq. Ancaq Rusiya aktiv fəaliyyətdədir. Belə olan halda Amerika, Fransa qarant ölkə kimi hansı məntiqlə bu müqaviləyə imza atar?

Deyə bilərik ki, heç lazım da deyil. Yaxşı, qalsınlar kənarda. Bu müqaviləyə Rusiya imza atacaq. Uzağı, Türkiyə də iştirak edəcək. Amma Rusiyanın, Ermənistanın imzasına nə qədər inanmaq olar? 

Deyək ki, Amerika, Fransa da bunlardan geri qalmır. Onsuz da hamısı ermənipərəstdir. Onda Azərbaycan elə bir beynəlxalq və ya regional platforma, dövlətlərin iştirakı ilə bu müqaviləni imzalamalıdır ki, sonra problem yaratmağa imkan olmasın, buna cəhd edən qarantor ölkələrin təzyiqinə məruz qalacağını bilsin. 

Fikrimcə, bu, Türkiyə, Rusiya, İranın imzaları ilə təsdiqlənən "üçlü platforma" olmalıdır. Həmçinin həmin ölkələr  müqaviləni pozan tərəfi cəzalandırmalıdır. İmzasına sahib çıxmayan dövlət isə  “dostluq siyahısı”ndan birdəfəlik çıxarılsın”.