Paşinyanın siyasi taleyi: Hakimiyyətini qoruya biləcəkmi? – “Rusiyanın tezisləri...”

“Baş nazirə mane olan bir qüvvə yoxdur”

 “Moskva da zaman-zaman Ermənistan daxilindəki narazı qüvvələri motivasiya edib. Amma bunlar nəticəsiz qaldı”

“Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan Kreml üçün o qədər də əhəmiyyətli deyil”



Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib. Paşinyan görüşdə belə deyib: “Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm".

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.

 Belə bir şəraitdə Rusiya dövlət başçısı Vladimir Putin milyarder Ara Abyamın timsalında Paşinyana rəqib tapıb.

Abramyan vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb.

“Mən Ermənistana gedəcəyəm və növbədənkənar seçkilərdə fəal iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım, o kimdir, haradan gəlib?”,-erməni əsilli rusiyalı oliqarx bildirib.

Ara Abramyan deyib ki, tezliklə növbədənkənar seçkilərlə bağlı öz proqramını açıqlayacaq, seçkilərə hansı qüvvə ilə gedəcəyini elan edəcək. Komandasının kimlərdən ibarət olacağını bildirəcək. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu qeyd edib.

 Deməli, Ermənistan baş nazirinin siyasi taleyi sual altındadır. Hətta, ola bilsin, sualın yanında nida da var...

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Paşinyann siyasi taleyinə dair fikirlərini “Sherg.az”la bölüşdü: “Bu barədə danışmaq üçün onun fəaliyyətinə nəzər salmaq lazımdır. Baş nazirin Azərbaycanla loyal münasibətlər cəhdi, Türkiyə ilə sərhədləri bərpa etmək istəyi, Zəngəzurla dəhlizin açılmasına dair bəyanatları və rəqiblərinə nisbətən reytinqinin yüksək olması onun avantajıdır. Rusiyanın tezisləri isə o qədər də həlledici deyil. Fikrimcə, Paşinyan növbədənkənar seçkilərdə yüz faiz qalib gələcək. Çünki həm tərəfdarları kifayət qədərdir, həm də daxili və regional vəziyyət onun xeyrinədir”.

 Ə.Əlibəylinin sözlərinə görə, baş nazirə mane olan bir qüvvə yoxdur:

“Düzdür, o, Rusiya əleyhinə açıqlamalar verib. Üstəgəl, Moskva da zaman-zaman Ermənistan daxilindəki narazı qüvvələri motivasiya edib. Amma bunlar nəticəsiz qaldı. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan Kreml üçün o qədər də əhəmiyyətli deyil. Odur ki, Paşinyan hakimiyyətini qoruyacaq”.