Türk PUA-ları ABŞ-ın gözünü qorxudub


İkinci Qarabağ müharibəsindən sonra bütün dünyaya səs salmış Türkiyə istehsalı - “Bayraktar TB2” adlı pilotsuz uçan aparatlar yenidən ABŞ mediasının manşetinə daşınıb. Amerika ordusunda xidmət göstərən polkovnik Skot Şau ABŞ sistemlərinə ehtiyac qalmadığını etiraf edib. 

“Şərq” qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, Skot Şau nüfuzlu “Foreign Policy”də dərc olunan məqaləsində vurğulayıb ki, PUA-lar əsgərlərin hərbi formasından tutmuş, istifadə etdikləri texnikalara qədər bütün vasitələri dəyişdirəcək.

Polkovnik qeyd edib ki, Qarabağ savaşında tarix yazan “Bayraktar”lar Amerikanın hərbi məktəblərində müharibə taktikalarının yeni formada hazırlanmasına və tədris olunmasına gətirib çıxaraq:

“Dağlıq Qarabağ savaşı bizə həqiqəti göstərdi. Artıq hərb sənayesi uçan pilotsuz aparatlar üzərində qurulur. Müasir hərbi texnikalar istehsal etmək üçün nə ABŞ, nə də Rusiya olmağa ehtiyac var. PUA-lara sahib olmaq üçün güclü hərbi hava qüvvətləri sisteminə də zərurət yoxdur.

6 həftə davam etmiş Qarabağ savaşında Türkiyəyə məxsus PUA-ların Ermənistanın zirehli texnikalarını qısa müddətdə necə məhv etdiyinin şahidi olduq.

Bu da onu göstərir ki, Amerika əvvəlki dönəmlərdə olduğu kimi köhnə sistemlərlə hər hansı bölgəni bombalayaraq dağıda bilməyəcək. Yeni sistemlər daha az zaman və maliyyə sərf etməklə daha çox fayda gətirir.

Ona görə də Amerika ordusu Qarabağ zəfərindən sonra Türkiyəyə məxsus “Bayraktar”larla bağlı genişmiqyaslı araşdırma və təkmilləşdirmə fəaliyyətinə başlayıb. Artıq ABŞ ordusunun hərbçiləri PUA-larla bağlı təlim-tədris prosesinə start veriblər”.