Paşinyanın rəqibi "ocağının başındadır": “Niyyətini açıq söyləmir” 

“Aylardır müşahidə edirəm və gəldiyim qənaət budur ki, Ermənistanın baş naziri Nikol Paşinyana ən böyük problem yaradan mitinq keçirən daşnaklar və ya 74 yaşlı Vazgen Manukyan deyil”. Bunları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
 E. Şahinoğlu bu barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Paşinyana müharibədən sonra Azərbaycanla münasibətləri normallaşdırmağa mane olmağa çalışan əsas fiqur Ermənistanın Ombudsmanı Armen Totoyandır. 

Bu şəxs daşnaklardan daha çox irəli gedib, Azərbaycan və azərbaycanlılar əleyhinə irqçi təbliğat aparır, vaxtilə işğal edilən sərhəd məntəqələrinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxır və iki ölkə arasında sərhədlərin müəyyənləşməsinə mane olur. 

Bundan başqa, Armen Totoyan başda prezident İlham Əliyev olmaqla Azərbaycan rəsmilərinin açıqlamalarını diqqətlə izləyir və guya həmin açıqlamalarda erməni millətinə qarşı nifrət olduğunu nümayiş etdirməyə çalışır. 

Armen Totoyan Nikol Paşinyanın siyasətini bəyənmir. Ancaq bunu hələ açıq söyləmir. 

Totoyan ombudsman büdcəni azaltmaq istədiyi vaxt məsələyə etirazını bildirdi. Totoyan seçkiyədək Paşinyanın adını çəkmədən onun siyasətinə qarşı təbliğatını davam etdirəcək”.