Ermənistan Türk Şurasında səslənən təklifləri nəzərə almalıdır

"Onun qurtuluşu isə yalnız və yalnız Azərbaycan və Türkiyə dövləti ilə münasibətləri normallaşdırmaqdan keçir"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın müharibə nəticəsində dağıntılara məruz qalan ərazilərinin yenidən inşası və inteqrasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəydir. Bu, Türk Şurasına üzv dövlətlərin liderlərinin videokonfrans formatında keçirilmiş qeyri-formal görüşünün yekunu ilə bağlı qəbul edilən bəyanatda əksini tapıb. Bəyanatda bildirilib ki, Türk Şurası Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir.

Bəyanatda o da qeyd edilib ki, Türk Şurası Türk Dünyasının dəyərlərinin və maraqlarının bölgə və beynəlxalq miqyasda daha çox tanıdılması və dəstəklənməsindəki rolunu artırmaq niyyətindədir. Sənəddə Qazaxıstanın Türküstan şəhəri Türk Dünyasının mənəvi paytaxtlarından biri elan edilib, Türk Dünyasının digər məşhur qədim şəhərlərinə də rotasiya qaydasında bənzər statusun verilə biləcəyi vurğulanıb.

Mövzu ilə bağlı siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, türkdilli dövlətlərin zirvə görüşü bütün dünyanın, o cümlədən də Ermənistan dövlətinin diqqət mərkəzində idi. Ekspert qeyd edib ki, belə bir vacib toplantıda Azərbaycanla Ermənistan arasında münasibətlərin müzakirə edilməsi qaçılmaz idi:

"Toplantıda türk dövlət başçıları Azərbaycana dəstəklərini ifadə etdilər. Növbəti dəfə dünyaya ədalətin yanında olacaqlarını göstərdilər. Əlbəttə ki, bütövlükdə Azərbaycan və Türkiyə ilə deyil, digər türk dövlətləri də Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdırlar. Ona görə də düşünürəm ki, Ermənistan dövlətinin başındakılar bu xoş məramı düzgün qiymətləndirsələr, öz xalqları və ölkələri üçün çox faydalı olacaq. Çünki Ermənistan bütün anlamlarda iflas etmiş bir dövlətdir. Onun qurtuluşu isə yalnız və yalnız Azərbaycan və Türkiyə dövləti ilə münasibətləri normallaşdırmaqdan keçir". 

A.Həsrət əlavə edib ki, bundan sonra digər türk dövlətləri də Ermənistanla münasibətlərini qurarkən Azərbaycanla-Türkiyənin mövqeyini daha diqqətlə nəzərə alacaqlar:

"Çünki türk dövlətlərinin birliyi, yəni "türk keneşi" adı altında hazırda fəaliyyət göstərən bu birlik daha fərqli və daha üstün bir mərhələyə adlamaq üzrədir. Ona görə mən düşünürəm ki, səslənən təklifləri Ermənistan dövləti diqqətə almalıdır. Hesab edirəm ki, Ermənistan bunu nə qədər çox tez diqqətə alarsa, özünün də problemlərini bir o qədər tez həll etmiş olar".