Erməni cəmiyyəti müxalifətə güvənmir

Parlament seçkilərində 31 faiz Paşinyanın partiyasına səs verəcək

Respondentlərin əksəriyyəti Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər


“Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçirilən sorğuların nəticələri böyük maraqla qarşılanır. Ermənistanda baş verən daxili siyasi proseslər, sosioloji sorğular və ictimai rəy bizi də yaxından maraqlandırdığı üçün ötən həftə “Gallup İnternational” tədqiqat şirkətinin Ermənistandakı nümayəndəliyi tərəfindən keçirilən sorğunun nəticələri diqqətimizi çəkdi. Sorğuya əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyana münasibət hələ də müsbətdir, bununla yanaşı, Ermənistanın əksər sakinləri Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər”.

Bu sözləri “Şərq”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. İ.Hüseynov bildirib ki, sorğu Ermənistanda 26-29 mart tarixlərində telefon vasitəsilə keçirilib. Sorğuda 801 respondent iştirak edib:

“Gallup” ofisinin Ermənistanın hansı ölkələr və ya dövlətlərarası birliklərlə əlaqələrinin gücləndirilməsinin zəruri olması ilə bağlı suala respondentlər belə cavab veriblər: Rusiya – 62,9 faiz, ABŞ – 16,4 faiz, Fransa – 6,4 faiz, Avropa İttifaqı – 5,2 faiz, Çin – 2,6 faiz, İran – 2,4 faiz, NATO – 0,7 faiz, Gürcüstan- 0,7 faiz.

Ermənistan vətəndaşları arasında ikitərəfli münasibətlərlə müqayisədə İrəvanın inteqrasiya birlikləri ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi daha az populyardır. “Gallup”a inansaq, respondentlərin 1,5 faizi Avrasiya İqtisadi İttifaqı, 0,7 faizi NATO ilə, yalnız 0,2 faizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır”. 

Politoloq bildirib ki, seçkiqabağı əhval-ruhiyyənin öyrənilməsi də hazırkı durumda mühüm element hesab edilir:

“Respondentlərin 35,5 faizi  Ermənistanın hazırkı hakimiyyət orqanlarının 20 iyun 2021-ci il tarixinə təyin olunmuş erkən parlament seçkilərinin ədalətli və şəffaf keçirəcəyinə əmindir. Rəyi soruşulanların 9 faizi seçkilərin əsasən ədalətli və şəffaf keçiriləcəyinə inanır. Daha 13,4 faiz respondent əsasən ədalətli və şəffaf keçirilməyəcəyi variantı üzərində seçim edib. 29,7 faiz isə birmənalı olaraq ədalətli seçkilərin keçirilməyəcəyini güman edir”.
İ.Hüseynovun sözlərinə görə, 41,2 faiz  respondent seçkilərdə iştirak etmək niyyətindədir: “10.7 faiz respondent “iştirak etmək ehtimalı”nın olduğunu bildirib. Təxminən 15 faiz “iştirak etmək ehtimalı”nın az olduğunu qeyd edib. Demək olar ki, 16 faiz qarşıdakı seçkiləri birmənalı şəkildə görməməzlikdən gəlmək qərarına gəlib”.

Həmsöhbətimiz qeyd edib ki, seçkilərin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə seçicilərin kimə səs verəcəkləri sualına respondentlərin 31,7 faizi baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mənim addımım” blokunun adını çəkib:

“Əlavə edək ki, "Gallup"un Ermənistan ofisinin keçirdiyi sorğularda yuxarıda qeyd olunan sual hər dəfə respondentlərə ünvanlanır. Görünür, yuxarı rəhbərliyə hesabatlar hər dəfə müqayisəli təhlil formasında təqdim olunur. Sorğuda iştirak edənlərin yalnız 5,9 faizi keçmiş prezident Robert Koçaryanın tərəfdarlarına səs verəcəyini bildirib. Sorğunun nəticələrinə görə, aparıcı müxalifət partiyası olan Qagik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” (“Mənim addımım”dan sonra parlamentdə ikinci fraksiyaya malikdir) 4,4 faiz, üçüncü parlament qüvvəsi olan Edmon Marukyanın “Maariflənmiş Ermənistan” partiyası isə 2,4 faiz inam toplayıb.
Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın Respublika Partiyasının analoji reytinqi 2,4 faiz təşkil edir. Respondentlərin 2,1 faizi “Daşnaksütyun” partiyasına səs verməyə hazırdır. Rəyi soruşulanların 24,6 faizi qarşıdakı seçkilərdə heç kimə səs vermək istəmir. Digər 20 faiz respondent isə cavab verməkdə çətinlik çəkdiyini bildirib”.

Sorğudakı bütün nəticələr (daha öncəki nəticələrlə müqayisə ilə birlikdə) aşağıdakı kimi sistemləşdirilib: 

“Mənim addımım” - Nikol Paşinyan – 31.7 faiz (fevralda 33.1 faiz idi), hazırda partiya axtarışında olan Robert Koçaryan-5,9 faiz (fevral ayı üçün heç bir məlumat yoxdur), “Çiçəklənən Ermənistan” - Qagik Sarukyan – 4,4 faiz (fevralda 4,4 faiz idi), “Maariflənmiş Ermənistan” - Edmon Marukyan – 2,7 faiz (fevralda 2,6 faiz idi), “Respublikaçılar Partiyası” - Serj Sarkisyan – 2,4 faiz (fevralda 2,2 faiz idi), “Daşnaksütyun” – 2,1 faiz (fevralda 2,2 faiz idi), “Vətənin xilası uğrunda hərəkat” - Vazgen Manukyan – 1 faiz, “Sasna Tsrer” - Jirayr Sefilyan – 0,5 faiz, “Vətən” Partiyası - Artur Vanetsyan – 0,4 faiz, Heç kimə səs verməyəcək – 24.6 faiz (fevralda analoji göstəri 27,2 faiz idi), cavab verməkdə çətinlik çəkir – 20 faiz”.

Politoloq bildirib ki, Ermənistanın ombudsmanı Arman Tatoyan ölkəsində böyük nüfuza malikdir: 

“Müşahidələrimiz ondan ibarətdir ki, Ermənistanın ombudsmanı həm baş nazirlə, həm də prezidentlə görüşlərində ombudsmanın səlahiyyətlərindən kənar məsələlər də müzakirə olunur. “Gallup”un erməni ofisi tərəfindən rəyi soruşulan Ermənistan vətəndaşları sadalanan xadimlərdən hansının daha çox etimad qazandığını cavablandırıblar. Səsvermənin nəticələrinə görə, bu mənzərə ortaya çıxıb: Ermənistan ombudsmanı Arman Tatoyan - 3,7 bal, Baş nazir Nikol Paşinyan - 2,7 bal, Prezident Armen Sarkisyan - 2,4 bal, Robert Koçaryan - 2,1 bal, Qagik Sarukyan - 2,1 bal.

Ermənistanda ombudsmanın populyarlığını onun işgüzarlığı ilə izah etmək olmaz. Görünür, A.Tatoyanın qarşısındakı vəzifələri çoxşaxəlidir və ya hər mövzuda çıxış etmək onun adətinə çevrilib. Ermənistanın baş naziri, prezidenti və ya xarici işlər nazirinin deyə bilmədiyini Tatoyanın söyləməsi digər qüvvələrin istəyi kimi sezilir”.