Təcili görüş: “Rusiya Paşinyanın manevrlərindən bezib” - Yeni plan

“Deməli, Rusiyanın növbəti planı Koçaryanı hakimiyyətə gətirməkdir”

“Görünən odur ki, Paşinyanın hansısa formada hakimiyyətdən uzaqlaşmasını istəyirlər”

Rusiya Prezidenti Vladimir Putinlə Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan arasında onlayn görüş baş tutub. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Vladimir Putinlə Robert Koçaryan arasında görüş bir saata yaxın davam edib.
Agentlik yazır ki, tərəflər Ermənistandakı vəziyyəti və regiondakı son durumu müzakirə ediblər.  



Məlum görüşü “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayevin sözlərinə görə, son 2 ildir ki, Rusiya hakimiyyəti və rəsmi Moskvaya bağlı qüvvələr Koçaryanı xüsusi diqqətdə saxlayırlar:

“Burada əsas məsələ onu Paşinyana alternativ olaraq yetişdirməkdir. Hətta Paşinyan Koçaryanı həbs etdirmişdi, Putinin zəngindən sonra onu buraxmağa söz versə də, azad etməmişdi. Müharibə başlayanda isə təzyiqlər nəticəsində məcbur qalıb buraxmalı oldu.

Koçaryan Putinə yaxın adamdır. Hətta Putinə məxsus şirkətlərin birində direktorlar şurasında oturur. Bundan başqa Putin Koçaryanın ad günündə zəng vuraraq onu şəxsən təbrik etmişdi”.

Analitik vurğulayıb ki, Rusiya Paşinyanın yerinə namizəd kimi Koçaryanı hazırlayır:

“Hətta Rusiyanın məşhur siyasi şərhçisi Pozner Koçaryanla bağlı veriliş hazırlayıb, onun Ermənistana lazımlılığı ilə bağlı açıqlama verib. Bunun özü böyük müzakirələrə səbəb olub.

Deməli, Rusiyanın növbəti planı Koçaryanı hakimiyyətə gətirməkdir. Görünən odur ki, Paşinyanın hansısa formada hakimiyyətdən uzaqlaşmasını istəyirlər. Ümumi nüans budur ki, Paşinyan nə qədər Rusiya ilə münasibətərini pozmamağa, neytral mövqe saxlamağa çalışsa da, qərbə meyillidir.

Bu da Rusiyaya sərf etmir. Rəsmi Kreml artıq Paşinyanın bu manevrlərindən bezib. Ona görə də ehtiyat üçün tədbir görürlər və Koçaryanın qalib gəlməsinə çalışırlar”.