Ekspert nazirin açıqlamasına qarşı çıxdı: 6 ay təlim kifayətdir 

"Yaxşı müəllimlər bir o qədər də yaxşı idarəedici olmurlar. Yəni yaxşı müəllim hesab etdiyimiz kadr direktor seçildikdə biz yaxşı müəllimi itirir, heç də yaxşı olmayan bir direktor əldə edirik".


Bunu Təhsil naziri Emin Əmrullayev "AzTV"-dəki çıxışında deyib. Onun sözlərinə görə, direktor olmaq bir o qədər də asan deyil. 
Bununla bağlı öz fikirlərini "Şərq"lə bölüşən təhsil eksperti Kamran Əsədov deyir ki, biz müəllimləri keyfiyyətli təlimlərə cəlb etsək, bu tipli problemləri aradan qaldırmış olarıq:

"İlk olaraq onu qeyd edim ki, yaxşı müəllim sözünün özü bizim təhsil sistemində pis müəllim olmasını göstərir. Amma pis müəllim yoxdur, bildiyini öyrətmək istəməyən müəllim var. İkinci olaraq nəzərinizə çatdırım ki, təhsilin idarə edilməsi üzrə menecerlər mövcuddur.

Biz bir çox hallarda orta ümumtəhsil müəssisələrini idarə etmək üçün kadr yetişdirmirik. Həmin o yaxşı müəllim yaxşı idarəedici də ola bilər. Bunun üçün 3-6 aylıq təlimlər təşkil edilərsə, yaxşı məktəb direktoru da görə bilərik.

Ona görə ki, yaxşı müəllimin kollektivdə və cəmiyyətdə nüfuzu var və o, neqativ hallara yol verməyəcək. Çox təəssüf ki, biz bu gün mətbuatdakı xəbərlərə əsasən, bəzi məktəb direktorlarının ciddi qanun pozuntusuna yol verdiyinin şahidi oluruq. Biz yaxşı müəllim deyərkən nəzərdə tutduğumuz meyar nisbidir. Yaxşı adlandırdığımız müəllim əgər şagirdləri imtahanlarda yüksək bal toplayan şəxsdirsə, bədən tərbiyəsi, hərbi dərsləri tətbiq edən, lakin nəticəsi olmayan müəllim yaxşı deyilmi? 

Ümumiyyətlə, bu ifadə yanlışdır. Yaxşı və pisi ölçə biləcək bir meyarımız yoxdur. Yəni sizə görə yaxşı olan, digərinə pis ola bilər, yaxud əksinə. Bu, nisbidir. Məktəblərimizdə fəaliyyət göstərən müəllimlərimizin hər biri yaxşıdır və yüksək statusa malikdir.

Təbii ki, bizim üçün ən maraqlı məqam orta ümumtəhsil məktəblərini idarə edə bilmək üçün kadrların formalaşdırılmasıdır. Hesab edirəm ki, bunun üçün biz xüsusi təlimlər təşkil etsək, həm yaxşı müəllim, həm də yaxşı direktor qazanmış olacağıq. Çünki hazırda məktəb direktorlarının əksəriyyətinin cəmiyyətdə reputasiyası zədələnib. Bunun əsas səbəbi isə onların şəxsi keyfiyyət və göstəricilərinin aşağı olmasıdır.

Amma biz yaxşı müəllimləri keyfiyyətli təlimlərə cəlb etsək, hesab edirəm ki, bu tipli problemləri aradan qaldırmış olacağıq".