ABŞ yenə tarazlığı pozur! - Konfliktoloq: “...Səhvini düzəldəcək”

Prezidenti İlham Əliyev ADA Universitetində ABŞ-ın münaqişədən sonrakı dövrdə rolu ilə bağlı sualları cavablandırıb. Ölkə başçısı qeyd edib ki, yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj alınmayıb:
“Bu gün artıq aprel ayıdır. Heç bir mesaj yoxdur”.
Azərbaycan Prezidenti deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bir qədər öncə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb: “Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub.

“Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”.
Prezident İlham Əliyev vurğulayıb ki, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə təbriki olub: “Ancaq mahiyyət etibarilə bu yeganə mesaj idi”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov Amerikanın bölgədəki durumla əlaqədar siyasətini “Sherg.az”a şərh edib. Konfliktoloq vurğulayıb ki, Baydenin prezident seçkilərindən sonra xarici siyasətə diqqət yetirməməsi gözlənilən addım idi:

“Çünki Amerikada başa düşülürdü ki, Bayden Administrasiyası Trampdan sonra ABŞ-ın daxilində müəyyən düzəliş və islahatların aparılmasına maraqlı olacaq, bundan sonra xarici siyasətə diqqət yetirəcək. Qarabağdakı 44 günlük müharibədən sonra Amerikanın bizə qarşı soyumasını hiss etmək olar. Çünki Azərbaycan həmsədrlərin fikirlərini nəzərə almayıb, onları oyundan kənar vəziyyətə salaraq münaqişəni özü həll edib. Bununla da Azərbaycan həmsədrlərin mövqeyinin ciddi tənqidçisinə çevrildi. Rusiyanın aparıcı rola malik olması və rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi Amerika ilə münasibətlərimizdə soyuqluğa gətirib çıxarıb. ABŞ Qarabağ münaqişəsinin həllində hansı mövqeyini qoruyub saxlamaq fikrində idisə, müharibə nəticəsindən asılı olmayaraq, həmsədr dövlət kimi intensiv olaraq Azərbaycan-Ermənistanla danışıqlar aparmalı idi. Çünki ABŞ yalnız həmsədr ölkə deyil, həm də güc sahibidir və regionda güclü təsirə malik olan bir ölkədir. Azərbaycanda da Amerikanın kifayət qədər təsiri və gözləntiləri var. Bu baxımdan ABŞ-ın belə “şıltaqlığı” və bizlə danışmamaq cəhdi o qədər də normal qarşılanmır”.

Ə.Həsənov söyləyib ki, Amerika seçkilərlə bağlı prosedurları başa vurduqdan və beynəlxalq siyasətə diqqət yetirməyə qayıtdıqdan sonra Azərbaycanla münasibətlərin çözülməsinə fikir verməli idi:

“Ölkəmiz müharibə ilə bağlı istədiyi nəticəni əldə edib. Rusiya və Türkiyə aparıcı mövqeyə gəlib çatıb. Burada Amerikanın mövqeyinin zəiflədilməsindən söhbət getmir. Amma ABŞ-ın söz sahibi olmaq şansını itirməsi təəssüfləndiricidir. Çünki ABŞ və Avropa Birliyi (AB) Azərbaycan üçün önəmli bir partnyordur. Bu, uzun illərdir ki, Azərbaycanın münaqişə ilə bağlı atdığı bütün addımlarda özünü göstərib. Amerika və AB-nə prioritet kimi diqqət yetirmələri hər zaman Azərbaycanın siyasətində qeyd olunub. Ona görə də Amerikanın bu çılğınlığı onun bölgədə səsinin eşidilməsi baxımından yaxşı addım deyil. İnanıram ki, ABŞ nə zamansa səhvini düzəldəcək və Azərbaycanla bağlı münasibətlərin daha horizontal olması üçün siyasətində korrektələr edəcək”