“Dərsliklərdə məzmun dəyişiklikləri olacaq”

Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq. Məlumdur ki, müstəqilliyimizin ilk illərində yaranan Qarabağ münaqişəsi bütün sahələrdə ölkəmizə təsir göstərdi. Məhz 1-ci Qarabağ münaqişəsindəki tarixi hadisələr orta ümumtəhsil məktəblərində şagirdlərə müəyyən qədər psixoloji zərbə vurdu.

Etiraf edək ki, həmin dövrlə bağlı hadisələri tarix kitablarından oxuyan şagirdlərimiz pessimist ruhda böyüyürdülər. Lakin 44 günlük Vətən müharibəmiz uzun illər ərzində yaranmış steroitipləri qırdı və Azərbaycan insanının mübariz və qəhrəman olduğunu sübut etdi.



Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasına bildirib ki, 44 günlük Zəfər mübarizəmizin tarixi hadisələri dərsliklərimizə əks olunmalıdır:

“Şagirdlərimiz ruh yüksəkliyi ilə böyüməli, pessimist ruhdan kənarlaşmalıdırlar. Bu istiqamətdə orta ümumtəhsil məktəblərindəki dərsliklərdə Qarabağ tarixi ilə bağlı faktların qeyd olunması  müsbət haldır.

Ümumiyyətlə, dərsliklərdə bir neçə istiqamətdə dəyişiklik gözlənilir.

İlk növbədə dizaynla bağlı dəyişiklik nəzərdə tutulur. Yəni, Vətən müharibəsinin ən vacib hadisələri dərsliklərin üz qabığında qeyd olunacaq. Döyüş səhnələri, qəhrəmanlıq göstərən şəxslərlə bağlı fotolar dərsliklərdə əks etdiriləcək”.

K.Əsədov qeyd edib ki, dərsliklərimizdəki məzmunla bağlı da müəyyən dəyişikliklər nəzərdə tutulur:

“Daha çox nikbin, mübariz və qələbə ruhunda materiallar öz əksini tapacaq. Xüsusilə tarix dərsliklərində indiyə qədər işğal edilmiş ərazilərlə barədə yazırdıqsa, bundan sonra 44 günlük zəfərlə bağlı faktları yazacağıq.

Torpaqların işğaldan azad edilməsi, qəhrəmanlıq faktları qəbul imtahanlarına salınacaq. Qəbul imtahanlarında Vətən müharibəsindən mövzu kimi istifadə edilməsi şagirdlərimizin həmin mövzuya daha çox diqqət ayırmasına səbəb olacaq.

Bu da çox müsbət tendensiyadır. Azərbaycan gəncinin qəhrəman obrazına ehtiyacı var. Şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsində tarix dərsliklərinin böyük rolu olacaq”.