Paşinyandan siyasi blef:“Əməli ilə sözü üst-üstə düşmür” – Paradoks!

“Yaxşı başa düşür ki, Azərbaycanın yaratdığı yeni reallığa uyğun davranmaqdan başqa yolu yoxdur”

“Çünki 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayıb”

“10 noyabr anlaşmasının şərtlərindən narazı qalsa idi, sonradan dinməz-söyləməz Moskvaya getməzdi”


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, N.Paşinyanın söylədiyi  fikirlər şərh olunmağa belə layiq deyil.XİN Paşinyana Hüseyn Cavidin şeirini xatırladıb.“Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda”.

Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu “Sherg.az”a açıqlamasında Paşinyanın açıqlamalarını belə şərh etdi:

“Bu, onun paradoksal siyasətçi olduğunu göstərir. Çünki baş nazir yaxın keçmişdə Azərbaycan və Türkiyə ilə əlaqələrin loyallaşmasından danışırdı. İndi isə həmin bəyanatına zidd fikirlər səsləndirir. Dediyim kimi, onun əməli ilə sözü üst-üstə düşmür. Paşinyan özü də yaxşı başa düşür ki, mövcud vəziyyətə, Azərbaycanın yaratdığı yeni reallığa uyğun davranmaqdan başqa yolu yoxdur. Çünki 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayıb. Əgər 10 noyabr anlaşmasının şərtlərindən narazı qalsa idi, sonradan dinməz-söyləməz Moskvaya getməzdi. İkinci bir tərəfdən isə Ermənistanın ordusu və resursu yoxdur. Yəni baş nazir hansısa alternativdən məhrumdur və onun son açıqlamaları siyasi blefdir”.

 E.Mirbəşiroğlunun fikrincə, bundan sonrakı dövr də baş nazir üçün çətin olacaq:

 “Paşinyan iyun ayında keçiriləcək növbədənkənar parlament seçkilərinə indidən hazırlaşmağa başlayıb. Revanşist bəyanatları da ancaq xalqın səsini qazanmaq üçündür. Yəni həmin açıqlamalar daxili auditoriyaya hesablanıb. Lakin o, seçkilərdə qalib gəlsə belə, yenə də hakimiyyəti üçün təhdid olacaq. Deməli, siyasi gərginlik, qarşıdurma sovuşmayacaq. Bu isə rəsmi İrəvanı inkişafdan, müxtəlif sahələrdəki nailiyyətdən məhrum edəcək”.