ABŞ Rusiyanı sanksiyalarla "bombalayıb":“Ciddi sosial-siyasi böhran...”

“Bu vəziyyət Rusiyanı yeni inqilabi mərhələ ilə üzləşdirə bilər”  


ABŞ Rusiyaya qarşı yeni sanksiyalar irəli sürüb. Nəticədə10 diplomat ölkədən çıxarılıb. Bu barədə Ağ Evin saytında məlumat yer alıb.  Qeyd olunub ki, yeni sanksiyalar Rusiyanın destruktiv addımlarına qarşıdır.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Salliven CNN telekanalına açıqlamasında bildirib ki, sanskiyalar ölkənin maraqlarının qorunmasında əsas vasitələrdən biridir. Bura Rusiya tərəfindən kiberhücum və seçkiyə müdaxilə də daxildir. Görünür, iki supergüc arasında münasibətlərin tənzimlənməsi heç də asan olmayacaq. 



 Siyasi analitik Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında tərəflərin potensiallarını mqayisə etdi: 

“ABŞ və Rusiya arasında siyasi-psixoloji savaş dövrü başlayıb. İndi hər iki tərəf bir-birini geri çəkilmək məcburiyyətində qoya biləcək addımlar atır. Bu qarşıdurmada hərbi-siyasi faktorlar artıq böyük ölçüdə istifadə edilib.

Rusiya ABŞ-ın himayə etdiyi Ukrayna sərhədləri ətrafında çoxlu sayda hərbi texnika və canlı qüvvə cəmləşdirib. Yəni savaşmağa hazır olduğunu mesaj verib.

ABŞ-da Rusiyanın qərb sərhədlərində hərbi qüvvələrini artıraraq, döyüş hazırlığı vəziyyətinə gətirib. Eyni zamanda Ağ Ev Rusiya ilə qarşıdurmaya NATO-nu da ortaq edə bilib. Yəni bu, hər an savaşın başlaya biləcəyindən xəbər verən durumdur. Ancaq nə ABŞ, nə də Rusiya Ukrayna ucbatından bir-biri ilə müharibə etməyə həvəsli deyil. Belə bir müharibə yalnız bu iki superdövlət üçün deyil, ümumiyyətlə, bütün dünya üçün əsl fəlakət olardı. Ona görə də hazırda hər iki tərəf savaşdan yayınaraq, siyasi qarşıdurma mərhələsinə dönüşün yolunu axtarır. Bu baxımdan, Rusiyanın “əli çox zəifdir”.

Kremlin ABŞ və müttəfiqlərinə təzyiq üçün elə bir ciddi siyasi-iqtisadi resursu yoxdur. Ancaq ABŞ-ın əlindəki resurslar Rusiyanı böhranlı situasiyaya sala biləcək qədər güclüdür.

Prezident Co Baydenin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi bu baxımdan böyük önəm daşıyır. Ağ Evin sanksiyaları bu dəfə Rusiyanı ən zəif yerindən hədəfə alıb. Belə ki, Rusiyanın onsuz da ağır durumda olan  iqtisadiyyatinı sarsıtmağa çalışırlar və dövlət borclarını ödənilməz hala gətirməyə cəhd göstərirlər”.

 E.Xalidbəylinin fikrincə, yaxın gələcəkdə rəsmi Moskvanın işi daha çətin olacaq: 

“Bütün bunlar onu göstərir ki, ABŞ-ın Rusiya ilə savaşmaq niyyəti qətiyyən yoxdur. Əksinə, Ağ Ev xüsusi plan çərçivəsində Rusiyanı böyük ölçüdə bütün sahələr üzrə çökdürmək strategiyasına keçib. Böyük ehtimalla Ağ Ev bu prosesi Rusiyanın zəifləyərək, parçalanacağı mərhələyə qədər davam etdirməyə çalışacaq. Ağ Evin əsas hədəfi Rusiyanın beynəlxalq təlimatları qeyd-şərtsiz yerinə yetirən dövlətə çevrilməsinə nail olmaqdır.

Əgər Ağ Ev buna nail olarsa, növbəti mərhələdə Çinlə olan problemlərini daha sərbəst həll etmək imkanı qazana bilər. Prezident Co Baydenin Kreml sahibi V.Putini üçüncü ölkədə görüşə çağırması isə daha çox siyasi manevr təsiri bağışlayır.

Əslində Co Bayden Kreml sahibi ilə görüşməkdə qətiyyən maraqlı deyil və böyük ehtimalla V.Putinin bu görüşdən imtina edəcəyini əvvəlcədən bilirdilər. Ancaq belə bir təkliflə V.Putinin Ağ Ev tərəfindən cavabsız buraxılmış görüş təklifini cavablandırmış oldular.

Və bu məsələdə V.Putinin qazandığı üstünlük sıfırlanmış oldu. Bütün bunları nəzərə aldıqda yaxın gələcəkdə ABŞ-Rusiya münasibətlərində normallaşmanın olacağı qətiyyən inandırıcı görünmür. Əksinə, hadisələr Rusiya üçün ən əlverişsiz istiqamətlərə yönələ bilər.

Yəqin ki, ABŞ Rusiya iqtisadiyyatını sanksiyalarla "bombalayıb", ciddi sosial-siyasi böhran yaratmağa üstünlük verə bilər. Bu halda onsuz da ciddi narazılıqla qarşılaşmaqda olan Putin hakimiyyətinə qarşı daxili etiraz dalğası Rusiyanı yeni inqilabi mərhələ ilə üzləşdirə bilər”.