Türk Şurasının nüfuzu artır


Qazaxıstan və Özbəkistan da bu təşkilatın güclənməsinin tərəfdarıdır

 “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında müxtəlif mövzularla yanaşı Türk Şurası barədə vacib açıqlamalar səsləndirdi”. Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzi, politoloq Elxan Şahinoğlu deyib. 
 O, Türkiyə dövlət başçısının toxunduğu vacib məqamları “Şərq”ə açıqladı: “Birincisi, Ərdoğan dedi ki, sıraları genişlənən Türk Şurasını beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb. İkincisi, o, Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlərin daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoydu. Üçüncüsü isə bu ilin noyabr ayında Türkiyənin ev sahibliyi ilə keçirilən Türk Şurasının 8-ci Fövqəladə iclasında İstanbulda prestijli bir tarixi binanın şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlandığını vurğuladı”.
 E.Şahinoğlu, həmçinin Türk Şurasının gələcək perspektivlərindən söz açdı: “Beləliklə, Ərdoğan Türk Şurasının funksiyasını artırmaq niyyətindədir. Azərbaycan da bunu istəyir. Ən əsası keçmiş illərdən fərqli olaraq, Qazaxıstan və Özbəkistan da Türk Şurasının güclənməsinin tərəfdarıdır. Digər tərəfdən, Mərkəzi Asiya ölkələri görürlər ki, təşkilata Macarıstan və Cənubi Koreya kimi ölkələrin marağı olduğu halda inteqrasiya prosesindən kənarda qalmaq olmaz. Qazaxıstan və Özbəkistan üçün Rusiyanın hakim olduğu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındansa  Türk Şurası daha faydalıdır”.