Ermənistan ordusu qocaların ümidinə qalıb

Yaşı 63-ə qədər olan vətəndaşlar müqavilə əsasında hərbi xidmət göstərə biləcəklər

"Məqsəd insanları daha uzun müddət orduda saxlamaqdır"


44 günlük Vətən müharibəsində Ermənistan ordusunun verdiyi ağır itkinin nəticələri özünü getdikcə daha qabarıq göstərməkdədir. Vətən müharibəsindən sonra ölkəni tərk edənlərin sayının artması, gənclərin nümayişkaranə şəkildə orduya getməkdən imtina etməsi və demoqrafik göstəricilərin daha da pisləşməsi erməni ordusunu şəxsi heyət çatışmazlığı ilə üz-üzə qoyub. Hətta Ermənistan sərhədlərinin tam şəkildə Rusiya Sərhəd Xidmətinə verilməsi belə bu boşluğu doldurmağa kifayət etmir.

Vəziyyətdən çıxmaq üçün Çiçəklənən Ermənistan fraksiyası parlamentə “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanun layihəsi təqdim edib. Layihə artıq ikinci və sonuncu oxunuşdan da keçib. Qanun layihəsinə əsasən, muzdlu hərbçilərin erməni ordusunda xidmət yaşı 50-dən 63 yaşa, müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi isə 55 yaşa qaldırılıb. Ermənistan Müdafiə Nazirliyi də qanuna düzəlişə müsbət rəy verib.

Hərbi ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda hərbi xidmət keçən heyətin maksimum xidmət yaş həddinin qaldırılması təbii ki, orada insan resurslarının çatışmazlığı ilə bağlıdır. Hərbi ekspert qeyd edib ki, Ermənistan  hazırda silahlı qüvvələrini şəxsi heyətlə təmin etməkdə ciddi problemlər yaşayır:

"Vətən  müharibəsi zamanı kifayət qədər ciddi itki verən Ermənistan  hazırda silahlı qüvvələrini şəxsi heyətlə təmin etməkdə ciddi problemlərlə qarşılaşıb. Qeyd edək ki, Ermənistanın İkinci Qarabağ müharibəsində fərari, yaralı və məhv edilənlərlə birlikdə təxminən 25 minə yaxın itkisi olub. İndi  Ermənistanda  yaş həddi həm zabit heyəti, həm də müqaviləli hərbi xidmət keçən heyət üçün qaldırılıb".

Ə.Verdiyev qeyd edib ki, toplamda isə Ermənistanın məqsədi insanları daha uzun müddət orduda ləngitmək və orduda vakant olan vəzifələri yaşlı insanlar hesabına olsa belə komplektləşdirməkdən ibarətdir:

"Təbii ki, bu da ordunun döyüş imkanlarına və potensialına öz təsirini göstərəcək. Digər tərəfdən isə bu, Ermənistan ordusunda daha gənc yaşında olan insanların orduya cəlb edilməsində yaranan problemləri daha qabarıq şəkildə göstərir".