Gərginlik şiddətlənir:“Rusiya Ukraynanı növbəti işğalla hədələyir”

“Rəsmi Kiyev ABŞ və Qərbin bütün təhriklərinə baxmayaraq, müharibə təhlükəsindən yayınmağa üstünlük verir”

“Və bu, Türkiyənin mövqeyi ilə də üst-üstə düşür”

“Bu mənada hərbi əməliyyatların başlanması o qədər də real deyil” 


Rusiya ilə Ukrayna arasında qarşıdurma davam etməkdədir. Verilən məlumata görə, tərəflər sərhədyanı ərazilərə qoşun yığırlar. Bu isə ilk baxışdan elə fikir yaradır ki, nə Kiyevin, nə də Moskvanın geri çəkilmək fikri var. Lakin Türkiyə faktoru yenə də öz sözünü deyir. Tərəfləri sülhə çağıran rəsmi Ankara məsələnin dinc yolla həll edilməsinin tərəfdarıdır.


 
Tərəflər arasında ziddiyəti “Sherg.az”a şərh edən siyasi analitik Elçin Xalidbəyli onlar arasında münasibətin normallaşması üçün şərtləri açıqladı: 

“Rusiya və Ukrayna arasında münasibətlər hələ uzun müddət gərgin olaraq qalacaq. Bu iki dövlətin yaxın gələcəkdə yenidən normal əməkdaşlıq mərhələsinə girməsinə əngəl törədən olduqca ciddi problemlər var. Və həmin problemlərin həlli yolları hazırda görünmür. Məsələ ondadır ki, Rusiya Ukrayna ərazisi olan Krım adasını ilhaq edib. Digər tərəfdən, Kreml Ukraynanın Donbass bölgəsində separatçıları dəstəkləyir. Ona görə də bu bölgə faktiki olaraq rəsmi Kiyevin nəzarətindən çıxarılıb. Bu, əslində Rusiyanın qeyri-rəsmi şəkildə Donbassı işğal etməsi anlamına gəlir. İndi bu iki dövlətin yenidən normal qonşuluq münasibətlərini bərpa etməsi üçün Rusiyanın Krım yarımadasının və Donbassın işğalından imtina etməsi lazımdır. Və həmin əraziləri Ukraynanın ayrılmaz tərkib hissəsi kimi tanıyaraq rəsmi Kiyevə geri qaytarması vacibdir”.

 E.Xalidbəylinin fikrincə, işğala məruz qalan tərəf bacardığı qədər təmkinli davranmağa çalışır: 

“Rusiya bu iki ərazini Ukraynaya qaytarmağa hazırlaşmır. Əksinə, Ukraynanın digər bölgələrini də işğal etməklə hədələyir. Hətta Kreml Ukraynanı  bütövlükdə Rusiya ərazisi hesab etdiyini də qətiyyən gizlətmir. Deməli, Rusiya və Ukrayna hələ uzun müddət düşmən olacaqlar. Onu da qeyd etmək lazımdır ki, bu düşmənçiliyin Rusiya-Ukrayna müharibəsinə səbəb olma ehtimalı var. Ancaq belə bir savaşa başlamaq təkcə Ukraynanın özündən asılı deyil. Ukraynanın hazırda Rusiya ilə açıq savaşa girmək üçün hərbi potensialı yetərli deyil. Rəsmi Kiyev yalnız ABŞ və Qərbin tam dəstək verəcəyi təqdirdə, Rusiya ilə müharibə qərarı ala bilər. Ancaq təbii ki, bu dəstək ilk növbədə Ukraynanın Rusiya qarşısında məğlub olmayacağına təminat verilməsi ola bilər. Əks halda, savaş Ukrayna üçün əsl fəlakətə çevrilər. Ona görə də rəsmi Kiyev ABŞ və Qərbin bütün təhriklərinə baxmayaraq, müharibə təhlükəsindən mümkün qədər yayınmağa üstünlük verir. Və bu, Türkiyənin mövqeyi ilə də üst-üstə düşür”.

Ekspertin sözlərinə görə, hərbi əməliyyatların başlanması o qədər də real deyil: 

“Məsələ ondadır ki, Türkiyənin Rusiya ilə xüsusi əlaqələri var. Həmçinin Ukrayna ilə də dostluq əlaqələri mövcuddur. Bu iki dövlətin savaşması və beləliklə, tərəfə çevrilmək təhlükəsi ilə üzləşmək Türkiyəyə sərfəli deyil. Ona görə də rəsmi Ankara hər iki tərəf arasında olan kəskin ziddiyyətlərin siyasi metodlarla həllini təklif edir. Bu baxımdanTürkiyənin Ukraynaya daha praqmatik yol təklif etdiyini də düşünmək olar. Çünki indiki vəziyyətdə savaşın başlaması Ukraynaya Rusiya qarşısında sarsıdıcı məğlubiyyət vəd edir.

Ümumiyyətlə, savaşın olub-olmayacağı barədə konkret fikir bildirmək bir qədər çətindir. Ukraynanın savaşa başlaması üçün ABŞ və Qərbin bu müharibədə Rusiya ilə silahlı toqquşmaya hazır olması lazımdır. Əks halda Ukrayna Rusiya ilə savaşdan yayınmağa çalışacaq. Rusiya da savaşın başlaması üçün ilk addım atmayacaq. Kreml ABŞ və Qərbin cəlb edilə biləcəyi hərbi əməliyyatlarda qətiyyən maraqlı deyil. Üstəlik, indiki situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir. Savaşa başlamaqla yeni situasiyanın yaradılması isə Moskvanın maraqlarını təhlükə altına sala bilər. Odur ki, savaşın başlanma ehtimalı o qədər də yüksək deyil.

Çox güman, hazırda davam edən hərbi-siyasi gərginlik siyasi-psixoloji qarşıdurma keyfiyyətində hələ uzun müddət mövcud olacaq”.