Ermənistana yenə silahlar daşınır


Güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşını Gürcüstanda saxlanıb

"Nə qədər ki, Laçın dəhlizində postumuz yoxdur, Rusiya Qarabağda silahlı erməni birləşmələrinə humanitar yüklər göndərmək adı ilə silahlar daşıyacaq"


Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb. Bu barədə Ermənistan mətbuatı və feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb. Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır. Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Sürücülərdən birinin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər. Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dövlət qurumları ilə iş aparılır.

Mövzuya münasibət bildirən hərbi-ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında vurğulayıb ki, Rusiya Ermənistana təchizat daşımaqda yenə də davam edir:

"Əfsuslar olsun ki, müşahidə edilən bu hərbi təchizat ilk dəfə deyil. Yəni Rusiya ərazisindən keçməklə Ermənistana dəfələrlə hərbi yüklər çatdırılıb. Qeyd edim ki, hətta kifayət qədər ciddi miqyasda daha böyük və ağır silahların keçirilməsi də baş tutub. Bu da Azərbaycan tərəfini ciddi narahat edən bir məsələdir və bu barədə dəfələrlə bəyanatlar səslənib. Amma Rusiya həm ATƏT-in həmsədri kimi, həm də sülhməramlı funksiyanı yerinə yetirən bitərəf kimi indiyə qədər Ermənistana hərbi təchizatı dayandırmır".

Hərbi-ekspert qeyd edib ki, bu kimi addımlar Ermənistanda revanşist qüvvələrini ruhlandırır: "Bir tərəfdən Rusiyanın təchizatı, digər tərəfdən isə Fransa rəsmilərinin bəyanatları İkinci Qarabağ müharibəsində kifayət qədər ciddi məğlubiyyətə düçar olmuş Ermənistanda revanşist qüvvələrin ruhlanmasına şərait yaradır. Ermənilər kiçik miqyaslı da olsa təxribatlara yol verirlər. Təbii ki, bu da onların sonda daha ciddi zərbə almasıyla nəticələnə bilər. Yəni dolayısı ilə Azərbaycanın sülhməramlıların nəzarətində olan ərazilərində hakimiyyəti bərpa etməsi ilə nəticələnə bilər. Bunu prezidentin Zəngilan ərazisindəki bəyanatları da təsdiq edir".    

Politoloq Məhəmməd Əsədullazadə isə "Şərq"ə açıqlamasında qeyd edib ki, təbii ki, iritonnajlı TIR-larla göndərilən yüklər təkcə jiletlərdən ibarət deyil:

"Humanitar yüklər adı ilə TIR-lar Laçın Dəhlizindən keçməklə Qarabağda silahlı erməni birləşmələrinə çatdırılır. Rusiya Qarabağda silahlı erməni birləşmələrinin logistikasını həyata keçirir və hərbi hissələri bərpa edir. Qeyd edim ki, separatçılar Ağdərə istiqamətində artıq mühəndis-istehkam işləri aparırlar və mövqelər düzəldirlər. Təbii ki, Rusiya sülhməramlı qüvvələrinin birbaşa yardımı ilə bunu həyata keçirirlər. Nə qədər ki, Laçın dəhlizində postumuz yoxdur, Rusiya Qarabağda silahlı erməni birləşmələrinə humanitar yüklər göndərmək adı ilə silahlar daşıyacaq".

Politoloq əlavə edib ki, Qarabağda silahlı erməni birləşmələri Ermənistana tabe deyil:

"Rusiyanın nəzarətindədir və onların təchizatını Moskva həyata keçirir. Azərbaycan 10 noyabr birgə Bəyannamənin 4-cü bəndinə uyğun olaraq Ermənistandan deyil, Rusiyadan silahlı erməni birləşmələrinin ləğvini tələb etməlidir".