Deputat naziri müdafiəyə qalxdı:"Birinci qrup əlillik alıb, amma futbol oynayır"

"Bu günləri çox təəssüf ki, əlillik dərəcələrinin müəyyən olunması ilə bağlı ciddi problemlər mövcuddur. Hazırda 38 min insan Qarabağ əlilliyini cibində gəzdirir. Yəni bəzi insanlar 2 mindən 5 min manata qədər rüşvət verərək saxta əlillik alıblar. İnsan var ki, birinci qrup əlillik alıb, amma futbol oynayır. Əslində isə birinci qrup əlilin ya iki ayağı, ya iki gözü, ya da ki, iki əli olmamalıdır. Məsələ burasındadır ki,  bu kimi hallarda qurunun oduna yaş da yanır. Nəticədə onların içərisində nə qədər haqqı olanların da haqqı kəsilib atılır. Düşünürəm ki, bu kimi məsələlərə bir az daha ehtiyatla yanaşmaq lazımdır". 
Bu sözləri parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev “Şərq TV”yə açıqlamasında deyib. Deputat həkim komissiyalarının da bu məsələlərdə düzgün fəaliyyət göstərmədiyini diqqətə çatdırıb:

"Həkim komissiyalarının fəaliyyətində bu günləri xoşagəlməz hallara rast gəlinir.  Məsələn, komissiyalar nə yazır? "Xəstə müalicə oluna  bilər", "Xəstənin vəziyyətində yaxşılaşma hiss olunur", "Ürəyi  normal işləyir" və s. Yəni vətəndaşın bir ayağı, qolu, gözü yoxdursa və yaxud da ki, qaraciyəri serrozdusa, bunun nə dəxli var ki, əlləri normaldır, saçı və yaxud tükü var? Yəni bu kimi problemlərin bir vacib kökü də həkim müayinələrinin ikibaşlı qeyd edilməsidir. Həkim orda qeyd etməlidir ki, bu adam müalicə olunan deyil. Məsələyə birmənalı fikir bildirməlidir ki, nazirlik də orada düzgün qərar verə bilsin". 

R.Nurullayev texniki səhvlər səbəbindən də vətəndaşların ciddi problemlərlə qarşılaşdığını vurğulayıb:

"Tutaq ki, gəlirsiniz mənim yanıma. Deyirsiniz ki, nazirliyə yardımla bağlı müraciət etmək istəyirəm. Mənə müraciəti doldura bilmədiyinizi qeyd edirsiniz və bunu etməyimi xahiş edirsiniz. Bu zaman nə baş verir? Tutaq ki, sizin doğum iliniz 1981-ci ildir. Mən bir rəqəmi yazmıram və bu zaman bu sistemdə doldurulmayıb kimi göstərir.

İki-üç dəfə gəlib deyirsiniz ki, "sizə hörmət edim, sən allah düz qoş edib, göndərin". Yaxud da vətəndaş gedir nazirliyə, orda kimlərsə bir rəqəmi pozur və deyir ki, sistem səhv göstərir:

"Müraciət düzgün doldurulmayıb" yaxud da ki, "Yenidən müraciət edin". Axırda vətəndaş bezib rüşvət verir ki, doldurun bunu göndərsinlər.  Yəni yerlərdə, hətta nazirliyin özündə də kimlərsə orada nöqtə və vergüllə məşğuldur. Bu məsələlərdə nazirlik səviyyəsində ciddi araşdırmalar aparılmalıdır. Təbii ki, bu problemin kökləri dərindir. Birbaşa demək olmaz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü bilə-bilə hamının haqqını kəsir və insanları narazı salmaq istəyir.

Əsla belə deyil. Əslində prezident tərəfindən onların üzərinə öhdəlik qoyulub ki, bu məsələdə tam şəffaflıq yaradılsın. Ancaq təəssüflər olsun ki, bu və digər səbəbdən bu prosesdə nə qədər insan günahsız qurbana çevrilib. Bizi ağrıdan tərəf də elə budur".