İşi sona çatdırmalıyıq! “...Anti-terror əməliyyatlarına başlayacağıq”

“Regionda sabitliyə mane olmaq istəyən qüvvələr var. Onlardan biri də Rusiyadır”

“Odur ki, bizi vadar etsələr, dediyim kimi, anti-terror əməliyyatlarına başlayacağıq”


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşdə regiondakı vəziyyəti müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.

Bu isə o deməkdir ki, “Dəmir yumruq” hələ də havadadır…

 Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn növbəti müharibə ehtimalı barədə fikirlərini “Sherg.az”la bölüşdü:

 “Mövcud narahatlıq dövlət başçısı səviyyəsində də elan olunub. Ermənistanın revanşist meyillərini hamı bilir. Amma düşmənin müharibəyə  başlamaq ehtimalı çox azdır. Buna baxmayaraq, qanunsuz silahlı birləşmələr torpaqlarımızdan çıxmasa və rəsmi İrəvan iddialarından əl çəkdiyini bildirməsə, Azərbaycan gec-tez anti-terror əməliyyatlarına başlamalı olacaq. Regionda sabitliyə mane olmaq istəyən qüvvələr var. Onlardan biri də Rusiyadır. Odur ki, bizi vadar etsələr, dediyim kimi, anti-terror əməliyyatlarına başlayacağıq. Ümumiyyətlə, Azərbaycan başladığı işi sonadək davam etdirməli və bütün torpaqlarımızda suverenliyimiz bərpa olunmalıdır. Biz bu iradəyə sahibik”.