Nyu-York metrosuna hücüm: Xəsarət alanlar var

ABŞ-ın Nyu-York şəhərinin üç müxtəlif metro stansiyasında sərnişinlərə hücumlar edilib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Məlumata görə, silsilə hadisələr zamanı dörd nəfər müxtəlif xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hücumlar təxminən 11 dəqiqə davam edib. Cinayətkarlar sərnişinlərə yumruqla zərbələr endiriblər və onların pullarını oğurlayıblar. Hücumlardan biri zamanı cinayətkarlar kişinin telefonunu əlindən alıblar və onu relslərin üstünə atıblar ki, təcili xidmətləri köməyə çağıra bilməsin.

Qeyd edilir ki, hadisə üç nəfər tərəfindən törədilib, onlar hələ də azadlıqdadır.