Təmasların, dialoqların nəticələri gözləniləndir

Rusiya Yaponiyanın elmə gətirdiyi yeniliklərdən faydalana bilər

SSRİ-nin 1972-ci ildə Yaponiya ilə sülh razılaşması problemini ciddi şəkildə həll etmək niyyəti olub. Bu məlumatı “Kyodo” agentliyi yayıb. Məlumata görə, SSRİ bu addımı Pekin və Yaponiya arasında yaxınlaşma fonunda atmaq niyyətində olub. Agentlik SSRİ-nin mübahisəli 4 Kuril adasından 2-sini Yaponiyaya vermək istədiyini yazıb.Yaponiyanın yaydığı sənədlərin SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosu tərəfindən hazırlandığı vurğulanıb. Bu layihədə Yaponiyaya Şikotan və Xabomai adalarının verilməsinin planlaşdırıldığı əks olunub.

Sənəd haqqında SSRİ Siyasi Bürosu ilə bərabər DTK və Müdafiə Nazirliyi məlumatlı olub. Bununla belə layihəni tərəflər arasında razılaşdırmaq mümkün olmayıb. Belə ki, Yaponiya SSRİ-dən dörd adanın hamısının qaytarılmasını tələb edib.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, burada ortaq maraqların və təmasların uzlaşdırılması istiqamətində nəticələr əldə olunarsa, bu həm Rusiya tərəfini, həm də Yaponiya tərəfini qane edəcək:

"İlk növbədə qeyd edim ki, SSRİ dağılandan sonra Rusiya ilə Yaponiya arasında adalar ətrafında məsələlər aktuallaşıb. Son illər ərzində Uzaq Şərqdə Rusiya adalarının Yaponiyaya kirayə verilməsi və yaxud tamamilə Yaponiyanın adalara hakim olması ətrafında geniş müzakirələr aparılır. Bu, Rusiya ictimaiyyətini də narahat edir. Çünki əgər adalar Yaponiya tərəfinə verilərsə, onda burada müxtəlif məsələlər gündəmə gələ bilir. Bu da ictimai rəydə neqativ reaksiya doğurur. Burada əsas məsələ ondan ibarətdir ki, Yaponiya sürətlə inkişaf edir. Yaponiya dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. İlk növbədə Yaponiya müasir informasiya, kommunikasiya texnologiyalarının və elmdə innovativ sayılan sahələrin inkişaf etdirilməsi sayəsində öz iqtisadiyyatını artırır. Eyni zamanda əhalisi də artır. Buna görə də əhalinin məskunlaşması, həmçinin demoqrafik problemlər də yaranır. Bu da sosial, siyasi, eləcə də iqtisadi duruma mənfi təsir göstərir. Hesab edirəm ki, yeni ərazilər əldə olunarsa, onda Yaponiya həm demoqrafik problemi həll edə, həm də yaranmış çıxılmaz vəziyyət ilə bağlı müəyyən həll variantları qazana bilər. Bunun üçün də ən optimal variant inkişaf etməmiş və demək olar ki, məskunlaşdırılmamış Rusiya adaları ətrafında müxtəlif fikirlər dolaşmasıdır. İkinci Dünya müharibəsində məğlub olan Yaponiya tərəfi bu iddialarını və bu istiqamətə çıxışlarını SSRİ dağılan ilk illərdə etməyə başlasa da, son illər ərzində bu cür iddialar, fikirlər daha da geniş xarakter alıb. Buna görə də Yaponiya ilə Rusiya arasında müxtəlif səviyyədə keçirilən təmaslar və dialoqlar yaranmış ziddiyyətli məsələnin həlli ətrafında müxtəlif diskussiyaların keçirilməsini özündə ehtiva edir". 

İ.Hüseynov düşünür ki, gələcək dövrlərdə bu məsələ daha da aktuallaşacaq:

"Çünki Rusiya həm də bununla qərbpərəst siyasət yürüdən Yaponiyanın etimadını qazanmağa çalışacaq. Dünyada ərazi etibarı ilə ilk pillədə olan Rusiyanın bir-iki ada ətrafında ortaq məsələlərin yaradılmasında maraqlıdır. Buna görə də fikrimcə, əhalinin məskunlaşdırılması və ya  proporsiya əsasında rus və yaponların adada müəyyən formada məskunlaşdırılması istiqamətində güzəştlər və Yaponiya tərəfi üçün  isə imtiyazlar əldə oluna bilər. Bununla da Yaponiya əhalisinin məskunlaşdırılması məsələsində müəyyən qazanclar əldə edər. Digər tərəfdən isə Rusiya Uzaq Şərqdən innovativ texnologiyaların təmini, əldə olunmuş müasir informasiya və kommunikasiya  ilə bağlı nəticələrin geniş şəkildə tətbiqi və müasir texnologiyalardan həm də hərb sənayesində istifadə olunması istiqamətində müəyyən qazanclar əldə edəcək. Bilirsiniz ki, Rusiya tərəfi daha çox hərbi texnologiyaların inkişafında maraqlıdır. Bunun üçün Yaponiyanın müasir yanaşmasının və elmə gətirdiyi yeniliklərin qazanclarından da faydalana bilər. Buna görə də Rusiya tərəfi həm də yaranmış vəziyyətdə özünün strateji maraqlarının həll olunması istiqamətində müəyyən təkliflər edə bilər. Bunun üçün Yaponiya tərəfi həm də öz mütəffiqləri arasında müəyyən qərar verməlidir. Çünki dünyanın siyasi, iqtisadi nizamı və texnologiyalar ətrafında yaranan yarış genişlənməkdədir. Bu mübarizə müstəqil geosiyasi aktorların hər hansısa müstəqil qərar qəbul etməsini əngəlləyir. Yəni müxtəlif müzakirələr, təmaslar, diplomatik, siyasi kanallarla müzakirələr sonrasında müəyyən qərarlar qəbul edilir. Buna görə də Yaponiyanın müstəqil hər hansısa qərar qəbul edərək Rusiya ilə elmi yeniliklərinin təcrübə mübadiləsinə getməsi də bir qədər suallar doğurur. Bunun üçün yaranmış vəziyyətin siyasi-diplomatik yolla müzakirələrindən keçməsi gözlənilir. Burada ortaq maraqların və təmasların uzlaşdırılması istiqamətində nəticələr əldə olunarsa, bu həm Rusiya tərəfini, həm də Yaponiya tərəfini qane edəcək".