Həmkarları Şamil Famillidən danışdı: "Həyat dolu insan idi"

Bir neçə gün öncə tanınmış aparıcı Şamil Familli vəfat edib. Yaxınları onun ürək tutmasından dünyasını dəyişdiyini söyləyib. Ş.Famillinin cəsədi ölümündən  iki gün sonra evində tapılıb. 
Aparıcının dostları və həmkarları “Elgizlə izlə” proqramında qonaq olublar. 

“Sherg.az” xəbər verir ki, mərhumun bir vaxt tərəf müqabili olan jurnalist Tahirə Məmmədqızı onun varlığı, şəxsiyyəti və insanlığı ilə fərqləndiyini deyib:

“Dörd aya yaxın birgə çalışdıq. Əvvəlcə ölüm xəbərinə inana bilmədim. Zarafat olduğunu düşündüm. Hələ də inana bilmirəm. Tək yaşayırdı, ailə qurmamışdı, övladı yoxdur. Yaxın zamanda da anasını itirmişdi. Bütün çətinliklərə baxmayaraq həyat dolu insan olub. Əlliyə yaxın yaşı olardı, amma uşaq ruhlu idi. Gözəl dostluğu var idi. Çəkiliş meydançasında fikir ayrılığı, ziddiyyətlər ola bilər. Lakin bunu verilişdə hiss etdirməzdi. Mən çılğın, emosional insanam. O isə tamam fərqli xarakterdə idi. Bəzən zarafatlaşırdı. Söyləyirdi ki, Tahirə, bunu belə etmə. Deyirdim, ay Şamil, 45 ildir bu şəkilə formalaşmışam. “Arb” tv onun ikinci ailəsinə çevrilmişdi”.

Prodüser Anar Mədətov Ş.Famillini uzun müddətdir tanıdığını xüsusi vurğulayıb:

“Mən qrup açanda çox dəstək olmuşdu. Çünki Şamilin televiziya təcrübəsi  daha çox idi. İlk dəfə dövlət televiziyasına məni Şamil apardı. Orada  xahiş etdi ki,  belə bir qrup var, gəlin, kömək edək. Şamil olduğu kimi idi. Onda kiməsə pislik etmək, yaxud da acı dil olmaq yox idi. Onu çox istəyirdim. Şamilin televiziyaya üçüncü gəlişi idi. Mən “Arb” TV rəhbərliyinə təşəkkür edirəm. Onlara Şamildən bəhs edəndə mənə dəstək oldular. O yenidən televiziyaya qayıtdı. Şamil özü də ekranlara qayıtdığına inana bilmədi. Televiziyaya dönəndə gözləri dolmuşdu. Şamil dedi-qodu etməzdi. İşdən, kitablardan danışardı. Xaricdə də olsam, ondan məsləhət alardım. Hər uğurlu işlərimdə “alındı”deyərdi, problemlərim olanda tövsiyə verərdi. Eşidəndə inana bilmirdim ki, Şamil rəhmətə gedib. Bir az ağrıları var idi. Bu yaxınlarda da əməliyyat keçirmişdi. Əgər Şamil kitab oxuyurdusa, film izləyirdisə, telefona cavab vermirdi. Oxuyub, yaxud da izləyib bitirəndən sonra zəng edirdi”.