Birgə təlimlər! - “Hava hücumundan müdafiə sistemi...”

Sabah Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.

Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli iki ölkə arasındakı hərbi əməkdaşlıq barədə fikirlərini “Sherg.az”la bölüşüb.
Onun sözlərinə görə, qardaş Türkiyədən sonra strateji müttəfiqimiz olan ikinci ölkə Pakistandır:

“Pakistanla dərin əlaqələrimiz var, müstəqilliyimizi tanıyan ölkələrdən biridir, tarix boyu ən ağır zamanlarda yanımızda olub. Pakistan həmçinin dünyanın yeganə ölkələrindən biridir ki, Ermənistanı bir dövlət kimi tanımır və ənənəvi olaraq hər zaman Azərbaycana dəstək olur”.

E.Həsənli vurğulayıb ki, Pakistanla bir çox sahədə, həmçinin hərbi sahədə əməkdaşlığımız var:

“Həm Müdafiə Nazirliyi səviyyəsində quru qoşunlarımızın, həm hərbi təhsil müəssisələrinin, eyni zamanda hava hücumundan müdafiə sahəsində əməkdaşlıq yüksələn xətlə davam edir. Müasir hava hücumundan müdafiə sistemi və döyüş helikopterləri təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Hesab edirəm ki, Pakistan dünyanın ən güclü ordularından birinə malikdir.

Bu ölkə ilə hərtərəfli əməkdaşlığımız milli və dövlət maraqlarımıza uyğundur. Sözügedən əməkdaşlıq həm Azərbaycan, həm də Pakistan üçün maraqlıdır. Azərbaycan 44 günlük vətən müharibəsində ciddi təcrübə əldə edib.

Hava məkanında pilotsuz uçuş aparatlarının idarə edilməsi baxımında müharibədə ən son qələbəni ölkəmiz əldə edib. Xüsusilə, hava hücumundan qorunma istiqamətində müvafiq təcrübəmiz var. Həmin təcrübəni də qardaş ölkələrlə bölüşürük.

Gələcəkdə də Pakistanla əməkdaşlığımız yüksələn xətlə davam edəcək. Türkiyə-Azərbaycan-Pakistan birgə təlimləri olacaq. Bu, hər üç dövlətin milli maraqlarına uyğundur".