Nazir "Son zəng"i çaldı

Emin Əmrullayev məktəbin məzunları ilə birgə sülh rəmzi olan göyərçinləri havaya buraxıb


"Tanınmış ictimaiyyət nümayəndələri "Son zəng"lə bağlı  təəssüratlarını sosial şəbəkələrdə bölüşüblər"

Təqvimdə 14 iyun... Bəziləri üçün adi bir gün, bəziləri üçünsə, həyatın özəl günlərindən biridir. Bu gün məktəb həyatının sonuncu gününə möhür vuran, müstəqil həyatın başlanmasının carçısı olan "Son zəng" günüdür.  Bu zənglə bir çox gənclər uşaqlığına - həyatının ən qayğısız, ən  təmiz günlərinə əlvida deyir. Və enişi-yoxuşu, şirini-acısı olan bir həyatı salamlayırlar. Məşhur mahnıda səslənən bu ifadələr həyatımızın ən gözəl reallıqlarındandır bəlkə də... Düzdür, məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır.


Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir. Ancaq "Son zəng" insan həyatının ən yaddaqalan məqamlarından biridir. Tutduğu vəzifəsindən, yaşından, mənsubiyyətindən asılı olmayaraq hər kəs bu unudulmaz günün xatirəsini istər-istəməz yaddaşına həkk edir. Bayramsayağı bəzədilmiş məktəb həyətində al - əlvan geyimli şagirdlər, müəllim və valideynlər, qonaqlar onbirincilərin sevincinə, bəzən də, kövrək kədərlərinə şərik olurlar. Hay-küylü sinif otaqları və qayğıkeş müəllimlər bu günləri onbirinciləri müstəqil həyata uğurlayırlar. Bəlkə də bu andan etibarən onları müstəqil həyatın keşməkeşləri və sınaqları gözləyir. Lakin ümidvarıq ki, məktəbdə aldıqları biliklər, müəllimlərin 11 il boyu öyrətdiyi elm və həyat dərsləri gələcəkdə onların həyat yollarına işıq salan mayaka çevriləcək. 

Nəhayət ki, bir ildən sonra ölkəmizdə hər kəsin gözlədiyi kimi bütün ümumi təhsil müəssisələrində ənənəvi qaydada yenidən "Son zəng" çalındı. Qeyd edək ki, ötən il pandemiya səbəbindən "Son zəng"  virtual qaydada təşkil olunmuşdu. Amma bu il təşkil olunan tədbir əvvəlki illərə nisbətən fərqliliyi ilə seçildi.  Belə ki, Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirlərinin bir sıra qaydalara əməl edilməklə təşkilinə icazə verdi. Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirdi. XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. Təhsil naziri Emin Əmrullayev Goranboy rayonunun Tapqaraqoyonlu kəndində keçirilən “Son zəng” tədbirində iştirak edib. Nazir əvvəlcə Goranboy rayon İcra Hakimiyyətininin başçısı Məhərrəm Quliyevlə birgə Tapqaraqoyunlu kəndindəki Şəhidlər xatirə kompleksini ziyarət edib. Daha sonra nazir Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıyan Tapqaraqyonlu kənd orta məktəbinə gedib və burada Milli Qəhrəmanın büstünün önünə gül qoyub. E.Əmrullayev məktəbdə keçirilən “Son zəng” tədbirini izləyib. Nazir deyib ki, bu gün Tapqaraqoyunlu kəndində Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan məktəbdə olmaq qürurvericidir: “Çünki bu kənd uzun müddət düşmənlə üzbəüz olduğu dövrdə bütün çətinliklərə baxmayaraq, tədrisi davam etdirib. Bu gün məzun olan şagirdlər yəqin ki, I sinifdən XI sinfə qədər bu şəraitdə təhsil alıblar. Bu gün isə məhz məzun olduqları gün zəfərimizin ilk məzun günü, “Son zəng”idir. Mənə elə gəlir ki, bu günü Tapqaraqoyunlu kəndində açıq səma altında tam təhlükəsiz şəraitdə keçirmək çox qürurvericidir. Buna görə də Azərbaycan Ordusuna, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu uşaqların hər birinə böyük ümidlər var. Builki məzunların qarşısında tamamilə fərqli bir yenilik, reallıq var. Onlar yəqin ki, ölkəmizin, Vətənimizin daha da inkişaf etməsi üçün əllərindən gələni edəcəklər”. Tədbirdə qeyd olunub ki, Milli Qəhrəman Niyazi Aslanov adına Tapqaraqoyunlu kənd orta məktəbinin bu il 21 məzunu var. Təhsil naziri birinci sinif şagirdi ilə birlikdə 21 məzun üçün “Son zəng”i çalıb. Nazir daha sonra məktəbin simvolik “Bilik açarı”nı birinci sinif şagirdinə təqdim edib. Tədbirin yekununda nazir məktəbin məzunları ilə birgə sülh rəmzi olan göyərçinləri havaya buraxıb. 

Tanınmış ictimaiyyət nümayəndələri "Son zəng"lə bağlı  təəssüratlarını sosial şəbəkələrdə bölüşüblər.

“APA holdinq”in təsisçisi Vüsalə Mahirqızı şəxsi sosial media şəbəkəsində bütün məzunları təbrik edib və xoş arzularını çatdırıb: "Onların hər birinə dəyərlər sistemi gün-gündən möhkəmlənən bir cəmiyyətdə yaşamağı arzu edirəm.  Heç sevmədiyim bir klişe ifadə var, adətən, orta məktəbi bitirən məzunlara "yol indi başlayır" deyirlər. Heç razı deyiləm, bundan sonra gedəcəkləri yolun qarantı bura qədər gəldikləri yoldu. Bugünkü məzun törəninə qədər gəliblərsə, bir yolları olub demək. Qoy yolları ölkəmizin və dünyanın ən yaxşı universitetlərindən keçsin. Seçdikləri peşənin "ən yaxşısı" olsunlar.  Özlərinə, ailələrinə, cəmiyyətimizə və dünyamıza dəyər qatsınlar həmişə. Yeri gəlmişkən, təhsil nazirinin məzun törənini Goranboyun Tapqaraqoyunlu kəndindəki  məktəbdə keçirtməsi əla addım idi".

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov da təbriklərə qoşulub:

"Bu gün böyük qızım Xədicənin son zəngi oldu. Birinci sinfi bitirən kiçik qızım Aliyə isə həmin zəngi çaldı. Vaxt yaman tez keçir... Bütün məzunları təbrik edirəm! Onlara tövsiyəm - daim təhsil alın, oxuyun. Nə orta məktəbi, nə də ali məktəbi bitirmək təhsili bitirmək anlamına gəlməməlidir. Son zamanlar müşahidə edirəm: gənclər peşələri üzrə kitab oxumurlar. Halbuki, geniş mənada təhsilin son zəngi həyatımızın son zəngi ilə üst-üstə düşməlidir".

Təhsil eksperti Elşən Ramizoğlu orta məktəblərdə keçirilmiş "Son zəng"lə bağlı fikirlərini "Şərq"ə bölüşüb. Təhsil eksperti açıqlamasında bildirib ki, bütün məktəblərdə tədbirlər planına uyğun, nazirliyin təlimatına uyğun olaraq son zəng keçirilib:

"Əvvəlki illərdən fərqli olaraq bu il tədbirimizdə birinci siniflər və valideynlər iştirak etmədi. Açıq hava şəraitində 11-ci siniflərin iştirakı və məhdud sayda müəllimin iştirakı ilə son zəng baş tutdu. Məzunlar həm kədərlənib, həm də sevinirdilər. Təbii ki, ötən illərə nisbətən qısa zamanda və qaydalara uyğun olaraq bir fərqlilik oldu. Ancaq yenə də çalışdıq ki, hər şey məzunların ürəyincə olsun, bunun üçün əlimizdən gələni etdik".