Vətəndaş müharibəsi gözlənilir

Ermənistanda söz savaşı küçələrə, meydanlara keçə bilər

"Seçki yaxınlaşdıqca, Ermənistanda daxili siyasi vəziyyət gərginləşir. Namizədlər bir-birini ifşa edir, hətta şəxsiyyəti alçaldan küçə jarqonlarından istifadə etməkdən belə çəkinmirlər. Əsas mübarizə isə iki namizəd - hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında gedir". Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə  görə, "Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi yeni sorğunun nəticələrinə əsasən Robert Koçaryan seçki marafonunda cüzi fərqlə öndədir: "Bundan əvvəlki sorğuda isə 2 faiz fərqlə Nikol Paşinyan öndə idi. Hazırda Ermənistanda seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı mərkəzdənqaçma meyilləri hiss olunur".

Politoloq hesab edir ki, Nikol Paşinyanın reytinqinə mənfi təsir edən əsas məqam, hazırkı gərgin durumda onun Qərbə səfər etməsi, Paris və Brüsseldə bir sıra görüşlər keçirməsi oldu: "Bu həm Rusiyanı qıcıqlandıran amil idi. Həm də Paşinyanın geosiyasi oriyentrlərini daha çox Qərblə müəyyənləşdirməsi, Qərbin təsir obyektində olması fikirlərinin təsdiqi idi. İnformasiya müstəvisində - Rusiyameyilli sosial mediada, teleqram kanallarında, ənənəvi kütləvi informasiya vasitələrində Koçaryanın dəstəklənməsi, onun təbliğatının aparılması da sosioloji sorğuların nəticələrinə təsir edir. Paşinyan isə əksinə, informasiya müstəvisində öz rəqibinə uduzur.  Rusiya kütləvi informasiya vasitələri Nikol Paşinyanın səhvləri üzərindən öz piarlarını qururlar. Bu da təbii ki, qarşı tərəfin reytinqinin yüksəlməsinə səbəb olur".

İ.Hüseynov qeyd edib ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, həm 10 noyabr bəyanatının, həm də cari ilin 11 yanvarında imzalanmış üçtərəfli bəyanatın implemintasiyası məcburi xarakter daşıyır:

"Qeyd edək ki, seçkilərdə 23 partiya, 4 siyasi blok iştirak edir. Əsas mübarizənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qaqik Saruskyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu “Erməni Milli Konqresi” partiyası arasında gedəcəyi barədə proqnozlar artıq özünü doğrultmağa başlayıb. Onu da qeyd edək ki, son günlər Paşinyan və Koçaryan tərəfdarları arasında toqquşmaların baş verməsi belə deməyə əsas verir ki, söz savaşı küçələrə, meydanlara keçə bilər. Bu baxımdan Ermənistanda seçkilərin vətəndaş müharibəsi ilə də nəticələnə biləcəyi istisna edilmir".