İranda prezident seçkilərində 5 namizəd mübarizə aparacaq

"İndiki şərtlərdə islahatçılar mühafizəkar qanad qarşısında xeyli zəifdirlər"

Bu həftə qonşu ölkə olan İranda prezident seçkiləri keçirləcək. Seçkilərdə iştirakına icazə verilmiş yeddi namizəddən biri olan Möhsil Mehralizadə namizədliyini artıq geri götürüb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 6 olub.

Qeyd edək ki, seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən qüdrətli Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləmişdi. Onlardan beşi şərti olaraq "mühafizəkar", iki nəfər isə "mərkəzçi" və "islahatçı" sayılır. Hazırkı Prezident Həsən Ruhani isə bu vəzifədə maksimum iki dövr müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməz. Seçicilər arasında mühafizəkar namizəd İbrahim Rəisi rəqibləri arasında lider sayılır. Bir çoxları hesab edir ki, o, nəinki Prezident Ruhanini, hətta gələcəkdə Ali Dini Rəhbər Ayətullah Əli Xameneyini də əvəzləyə bilər. İbrahim Rəisinin rəqiblərindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır. Seçki kampaniyası gedişatında cənab Rəisi iqtisadi tənəzzüllə bağlı hökm sürən çarəsizlik və naümidliyə son qoyacağını vəd edib. Digər namizəd isə 60 yaşlı Möhsün Rezaidir. O, 1981-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri təyin olunub və 1980-88-ci illərdə İran-İraq müharibəsi zamanı İİKK qüvvələrinə rəhbərlik edib. Möhsün Rezai üç dəfə prezidentlik uğrunda mübarizəyə qatılıb. Bir çoxları onu "daimi namizəd" adlandırır.

Namizədlərdən biri isə 2007-2013-cü illərdə, Mahmud Əhmədinejadın prezidentliyi vaxtı xarici işlər nazirinin müavini vəzifəsində işləmiş Səid Cəlilidir. Əbdülnasir Həmmati Möhsün Mehralizadədən başqa seçkilərdə iştirakına icazə verilən yeganə qeyri-mühafizəkar namizəddir. O, müxtəlif administrasiyalar dövründə mühüm vəzifələrə təyin olub. Bu, onun fərqli siyasi qütblərə mənsub qüvvələrlə işləmək qabiliyyətinin sübutu kimi qəbul edilir.

Mövzu ilə bağlı siyasi-şərhçi Kənan Rövşənoğlu "Şərq"ə danışıb. O vurğulayıb ki, yeddi namizəddən ikisi - islahatçı Möhsil Mehrəlizadə və mühafizəkar Əli Rza Zakani namizədliyini geri götürüb:



"Zakani namizədliyini İbrahim Rəisinin xeyrinə geri çəkdiyini bildirib. Hazırda 5 namizəd var. Düzdür, seçkilərə daha bir nəfərin namizədliyini geri çəkilməsi mümkündür. Amma böyük ehtimalla 5 nəfərlə seçkiyə gedəcəklər. Əsas namizədlər mühafizəkar qanaddan İbrahim Rəisi və Səid Cəlilidir. İslahat qanadını isə yeganə namizəd Əbdülnasir Hemmati təmsil edir. Səid Cəlili daha xarizmatik və siyasət təcrübəsi olan biri kimi xarakterizə olunsa da, mühafizəkar camiənin əsas namizədi İbrahim Rəisidir. İslahatçılar isə Hemmatini seçdirməyə çalışacaqlar".

Analitik qeyd edib ki, ancaq indiki şərtlərdə islahatçılar mühafizəkar qanad qarşısında xeyli zəifdirlər:

"Həm son 8 ildə hökumət onlarda olub, dolayısı ilə ölkənin iqtisadi və sosial-siyasi vəziyyətə görə cavabdehdirlər. İkincisi də hakimiyyətin bütün qollarında mühafizəkarlar güclüdür və islahatçılara şans tanımazlar. İslahat qanadının ümidi mühafizəkarların səslərinin Cəlili və Rəisi arasında parçalanması, eləcə də azərbaycanlıların dəstəyi və Rəisinin zəif performansınadır. Amma düşünürəm ki, bu, həlledici olmayacaq. Amma yenə də seçki gününə qədər birmənalı hökm vermək olmaz".