Ermənistanla sülh müqaviləsi bir neçə il də çəkə bilər" - Politoloq 

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. Həmçinin nazir Azərbaycan və Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

 Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında  bildirib ki, beynəlxalq təşkilatlarda Azərbaycanın sülh tərəfdarı kimi çıxış etməsi məntiqə uyğundur. Çünki bu, bir informasiya müharibəsi və təbliğat yanaşmasıdır:



“Yekun sülh müqaviləsinin bağlanması üçün Ermənistan tərəfi ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.  Bundan sonra Ermənistanla müəyyən əlaqələr bərpa edilməlidir, xüsusilə nəqliyyat, kommunikasiya əlaqələri. Bilirsiniz ki, sülh sazişi təkcə dövlətlər arasında olmur.  Ermənistan siyasi cəmiyyəti yenə də Azərbaycana qarşı revanşist açıqlamalarla çıxış edir və Qarabağa iddialarından əl çəkmirlər. Hesab edirəm ki, biz Ermənistana əl uzatmamalıyıq. Ermənistan barışıq istəyirsə, Ermənistan Azərbaycana əl uzatmalıdır. Çünki o blokadadan çıxmalıdır”. 

M.Əsədullazadə qeyd edib ki,  Azərbaycan diplomatik jest olaraq xarici ölkələrlə görüşdə sülh təşəbbüsü kimi çıxış edir:

“Amma reallığa gəldikdə düşünmürəm ki, Ermənistanda yekun sülh müqaviləsi bağlanar. Çünki Ermənistan bir sıra öhdəliklər yerinə yetirməlidir. Təbii ki, onun yerinə yetirilməsi bir neçə il də çəkə bilər. Ona görə də sülh müqaviləsi bağlanmamışdan əvvəl mütləq şəkildə barışıq olmalıdır. İlk növbədə Ermənistanın Azərbaycana qarşı terrorizmi və işğalçılıq planı dayanmalıdır”.