Əbədi dostluq mümkün deyil


Rusiya və Çinin müttəfiqliyi zamana və vəziyyətə görə dəyişəcək

"Dövlətlərin dostluğu olmaz, yalnız maraqları olar" .
Bu fikirləri "Şərq"ə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri Elman Vəliyev deyib.  Analitik qeyd edib ki, maraqlar naminə dostluq edənlərdən biri də Rusiya ilə Çindir: "Hazırda bu iki dövlətin siyasi arenada yaxınlığını görürük. Halbuki, 1969-cu ildə ərazi uğrunda müharibə etmişdilər. Vəziyyət elə həddə çatmışdı ki, SSRİ Çinə qarşı nüvə silahı tətbiq edəcəkdi, amma alınmadı. Deməli, həqiqətən maraqlar xətrinə onlar bu gün bir masaya əyləşirlər. Rusiya adətən  hərbi sistemə üstünlük verən dövlətdir.

Çin isə daha çox iqtisadi amilləri nəzərə alır. İqtisadi məsələlər, ABŞ, Qərb faktorları bu iki dövləti bir-birinə  yaxınlaşdırır. Rusiyanın son illərdə ona qarşı tədbiq edilən sanksiyalardan, embarqolardan iqtisadiyyatı müəyyən qədər çətinliklə üzləşib. Rusiya buna görə də Çinlə əlaqəni inkişaf etdirməyə çalışır. Bu da Çinə sərf edir. Amerikanın sabiq prezidenti Donald Tramp Çinin böyük təhlükə olacağını, Amerikanın əl-ayağına dolaşacağını deyirdi. Haqlı idi də. Yeni Prezident Bayden daha çox Rusiyaya təzyiqlər etdi. Bu da Rusiyanı Çinə daha çox yaxınlaşdırdı. Tramp yenə də deyir ki, Bayden Amerikanı uçuruma aparır, Rusiya ilə Çin əməkdaşlığı daha da artırır. Düzdür, Trampı siyasətçi kimi dəyərləndirmirlər, amma hazırkı durum deyilən həqiqətləri əks etdirir. İyun ayında Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Şi Cinping  arasında videokonfrans formatında görüş keçirilmişdi. Görüş Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 20 illiyinə həsr olunmuşdu".

Siyasi-şərhçi əlavə edib ki, digər bir məqam isə Rusiya Xarici işlər naziri Sergey Lavrovun Moskva ilə Pekinin hərbi əməkdaşlığı uğurla inkişaf etdirdiyini və iki ölkə arasındakı münasibətlərin görünməmiş bir səviyyəyə çatdığını bildirməsidir:

"Həmçinin, bu əməkdaşlığın üçüncü ölkələri hədəf almadığını qeyd etməsidir. İlk öncə qeyd edim ki, bu faktlar digər güclərə bir göstərişdir. Yəni ki, biz iki dövlət hərbi, iqtisadi əməkdaşlığımızı inkişaf etdiririk, lazım gəlsə xarici təhlükələrə qarşı bir blokda yer ala bilərik. İkinci bir məqam isə Lavrov bu əməkdaşlığın üçüncü ölkələri hədəf almadığını qeyd edib. Bunu iki mənada izah etmək olar. Ya iki dövlət birlikdə əməkdaşlığı hər hansı xarici müdaxilə olanda yardım etmək məqsədi ilə inkişaf etdirirlər, ya da həqiqətən üçüncü ölkələri nəzərdə tutmayıb öz əlaqələrini inkişaf etdirirlər. Amma mən bunu siyasi meydanın bu cür qarışmasından, dövlət üçün təhlükələrin yaranmasından dolayı digər qüvvələr əleyhinə əlaqələri inkişaf etdirmək kimi qiymətləndirirəm. Sözsüz, bu iki dövlət arasında iqtisadi əlaqələr də normaldır. Çin ikili standartlar oyunu oynayır. Hələ ki, siyasət cameəsində adı tez-tez müharibə proseslərində hallanmır". 

E.Vəliyev diqqətə çatdırıb ki, Çin qərblə də, şərqlə də əlaqələri normal tutmağa çalışır:

"Düşünür ki, qərblə münasibətləri korlasa, iqtisadi sanksiyalar, embarqolar tədbiq etsə, bu, Çin iqtisadiyyatına xələl gətirə bilər. Çinin Şərqi Türküstandakı uyğur türklərinə qarşı yeritdiyi iyrənc siyasətə dövlətlərin dillənməməsinin Çinin yeritdiyi iqtisadi siyasət nəticəsindədir. Rusiya-Çin-İran əlaqələri son zamanlar bir xeyli irəli gedib. Əlbəttə ki, bu irəli getmək digər təhlükələrə qarşı lazım olsa, bir-birə dəstək verməkdən irəli gəlir.

Rusiya ilə İran arasında da əlaqələr xeyli güclənib. Bu 3 dövlət arasında iqtisadi və hərbi anlaşmalar var. Çin bu gün Rusiya ilə dostluq nümayiş etdirirsə, bu öz xeyrini güddüyü üçündür. Əlində şans olsa, tək hegemonluq etməyə çalışar. Çin iqtisadi siyasət yeridir. Çalışır ki, digər dövlətlər ona borclu olsun, ondan asılı hala düşsün. Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqədədir. Bu ərazilər bir xeyli müddət Rusiya himayəsində olub. İndi də təsiri qalmaqdadır.

Çin istəyir ki, bu əraziləri öz əlinə alsın. Və bu istiqamətdə daha çox iqtisadi planlara üstünlük verir. Amma bu gün Rusiya ilə Çin müttəfiqlik etməyə çalışırsa, bu, daimi deyil. Müvəqqəti xarakter daşıyır.

Maraqlar hazırda uzlaşır, amma uzlaşmayan zaman müttəfiqlik mübarizəyə çevrilə bilər. Nə Rusiya istəyər qonşluğunda Çin kimi bir güclü dövlət olsun, nə də Çin istəyər. Hesab edirəm ki, Çin gələcəkdə bir müddət iqtisadi cəhətdən üstünlüklər qazanacaq. Amma buna qarşı hesab edirəm ki, lazımlı tədbirlər görüləcək. Siyasətdə belə bir sloqan vardır: “Düşmənimin düşməni dostumdur". 

Ola bilər gələcəkdə Çinin güclənməsi əleyhinə Rusiya ilə Amerika müttəfiqliyi də alınsın. Bu proseslərdə əsas məqsəd ilk öncə öz maraqlarını təmin etmək və təminat üçün  lazımdırsa, ayıya dayı demək!".