Qurbanlıqdan sonrakı şəhər... – Üfunət iyi ! 

Bir neçə gündür davam edən Qurban bayramı geridə qaldı. Bayramdan sonra yaranan fəsadlar isə təəssüf doğurur. Çünki bəzi yaşayış məntəqələrində yaranan antisanitar vəziyyət insanları narahat edir. Sosial şəbəkələrdə yayılan görüntülər isə tamamilə ürəkbulandıran mənzərədən ibarətdir.
Söhbət Sumqayıt şəhərinin girişindən Müşfiqabad qəsəbəsinə gedən yolun kənarından gedir. Belə ki, sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə ət kəsimi məntəqələrinin yaxınlıqlarında kəsilən heyvanların qalıqları toplanmadığından dəhşətli mənzərə yaranıb:

“Ətrafa yayılan üfunəti sözlə ifadə etmək mümkün deyil. Burada hər zaman vəziyyət eyni olur. Ərazi üzrə aidiyyəti orqanlar məsələyə ciddi yanaşmır. Bu vəziyyətə ciddi nəzarət olunmalıdır”.

Baş verənləri “Sherg.az”a dəyərləndirən “Altay” sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı bildirib ki, hər il Qurban bayramında belə dəhşətli və anormal mənzərələr müşahidə olunur:

“Bu, konkret onu göstərir ki, çoxları Qurban bayramının həqiqi mahiyyətini başa düşmür, onu biabırçı bir formaya salaraq insanlarda Yaradana, dinə, müqəddəs kitaba qarşı ikrah yaradırlar. Müqəddəs mərasimi elə bir eybəcər formaya salıblar ki, bunu görən adamın Allaha inamı itir. Qurban vermə mərasimi Tanrının birliyini söyləyən bütün dinlərdə (iudaizm, xristianlıq, vaişnavizm, zərdüştlük, islam və s.) vacib prinsiplərdən biridir. Amma bir-birindən fərqli formalarda. Bəzi dinlərdə Tanrıya qanlı qurban edilir. Bu, həm satanizmdə olduğu kimi insan, həm də islam və iudaizmdə olduğu kimi heyvan qurbanı ola bilər. Amma digər Şərq dinlərində, əsasən zərdüştlük, induizm, vaişnavizm, buddizm, çaynizmdə Tanrıya qansız qurbanlar verilir. Bu qurbanların əsasını təbiətin nemətləri- meyvə-tərəvəz, süd məhsulları, gül-çiçək, ətirli çubuqların tüstüsü və s. təşkil edir. İnsanlıq tarixində ilk təktanrıçılıq dini hesab olunan Zərdüştlükdə (Mazd-Yasna) qurban mərasimi hər zaman ən vacib rituallardan biri olub. Qansız qurban Tanrının ən güclü maddi enerjisi sayılan Od vasitəsilə verilirdi. Novruz, Xvarna kimi bayramlarda böyük tonqallar yandırılır, muğlar (maqlar) meyvə-tərəvəz, dənli bitkilər, gül-çiçək kimi təbiət nemətlərindən Oda atmaqla Tanrıya qansız qurbanlar verərdi. Bu həm də Yaradana nemətlərinə görə minnətdarlıq əlaməti idi”.

E.Bayramlı qeyd edib ki, islamda pulla qurban almaq və qurban əti satmaq kimi bir anlayış yoxdur:

“Yəni qurban kəsilən heyvanın əti ehtiyacı çox olanlara paylanmalıdır. İslama görə qurban edilən heyvan Allah üçün kəsilir. “Onların nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Həcc 22/37) Burada dinşünas-alim Nəriman Qasımoğlunun fikirlərini doğru qəbul edirəm. O deyir ki, qurban kəsmək əmri yalnız və yalnız həzrəti Peyğəmbərə xitab edilən bir xüsusdur. Başqa müsəlmanların qurban kəsmələri bir fərz deyil. Bu, zamana və hadisəyə görə İlahidən gələn bir əmr olub. Tanrı hamıya belə bir məsləhət vermir.

Quranda “Ey müsəlmanlar, qurban kəsin!”- deyə bir əmr yoxdur. Nüfuzlu türk ilahiyyatçı alimi Yaşar Nuri Öztürk də hesab edirdi ki, Quranda heyvan kəsmək deyə bir ibadət yoxdur.

O, deyirdi ki, Peyğəmbərin səhabələri də heyvan kəsməyib və bunun dini əmr yox, sadəcə adət olduğunu deyiblər. Peyğəmbər özü isə yalnız Həcc vaxtı qonaqlarına yemək vermək üçün heyvan kəsdirib. Nüfuzlu ilahiyyatşünas, tədqiqatçı alim Con Feyvors özünün “Ruhi döyüşçü” adlı məşhur elmi-fəlsəfi əsərində qeyd edir ki, dinlərin və mərasimlərin mahiyyəti təhrif olunub. Alim yazır ki, qədimdə qurbanvermə mərasimi təyin edilmiş çərçivəyə salınmış şəkildə idi və yalnız müəyyən şərtlərə riayət etməklə, bilikli, elmli ruhanilər tərəfindən keçirilirdi.

Ümumiyyətlə, ən nüfuzlu ilahiyyatşünasların fikrincə, qurban anlayışı yalnız Tanrıya xidməti özündə ehtiva edir, bu səbəbdən də hər bir insan Tanrıya nəyisə qurban verə bilər.

Buraya cox sey daxil ola bilər- həm maddi, həm mənəvi cəhətdən. Bu, maddi sərvətinin bir hissəsindən əl çəkmək və onu imkansızlarla paylaşmaq da ola bilər ki, ən böyük qurban bu sayılar. Ya da zərərli vərdişlərindən, həzzverici adətlərindən və mənfi xüsusiyyətlərindən əl çəkmək. Bütün dinlərin ümumi fikrinə görə, qurban yalnız saf qəlbdən, təmənnasız, sevgi və səmimiliklə təklif edildikdə Tanrı tərəfindən qəbul olunur. Belə bir vəziyyətdə Qurban mərasimini həqiq mahiyyətindən çıxarmaq, 1-2 gün ərzində kütləvi zoogenosid həyata keçirmək və bunu öz reklamı ya da mənafeyi üçün həyata keçirmək yolverilməzdir.

Hər yeri qana bulamağa ehtiyac yoxdur, məqsəd imkansızlara yardım etməkdirsə, bu hər cür yolla etmək olar, başqa qida məhsulları da vermək olar. Belə halda insanların, xüsusilə uşaqların psixologiyasına ağır zərbə olan bu cür dəhşətli mənzərərlər də baş alıb getməz”.