“Sular bulanır”: “Minsk qrupunu yenidən aktivləşdirmək...”

“Regionun siyasi durumunda qeyri-stabilliyin hökm sürməsi vəziyyətin təhlükəli olmasını göstərən açıq sübutlardandır. Ermənistan və Azərbaycan arasında baş tutmuş və 44 gün davam etmiş II Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi və geostrateji reallıqlar həm Ermənistanın, həm də ona dəstək olan dövlətlərin və qüvvələrin planlarını alt-üst etdi”.
Bu sözləri siyasi analitik Samir Hümbətov deyib. O, “Sherg.az”a açıqlamasında bildirdi ki, “suyu bulandıranlar” var: 

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin icrasını ləngitmək və Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirməsini yubatmaq məqədi ilə Ermənistan-Azərbaycan dövlət sərhəddində və rus "sülhməramlıları"nın fəaliyyət göstərdiyi ərazilərdə daim atəşkəsi pozmaq tərəflər arasında qalıcı düşmənçiliyi təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Arşak Karapetyan arasında baş tutan təmaslar, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Ermənistan-Azərbaycan sərhəddinə səfər etməsi, Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Fransanın Azərbaycandakı səfiri Zakari Grosun Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş xarici ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfərindən imtina etməsi fikrini müdafiə etməsi baş verən təxribatların arxasında kimlərin dayandığını rahatlıqla deməyə imkan verir”.

S.Hümbətov baş verənlərin səbəblərini də izah etdi:

“30 ilə yaxın heç bir funksiyanı yerinə yetirməyən və II Qarabağ savaşından sonra fəaliyyətini tamamilə itirmiş ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirmək əsas məqsədlərdən biridir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə ilə arxivin zibilliyinə gedən “Dağlıq Qarabağın statusu”nu bərpa etmək, Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunun qarşısını almaq və s. əsas hədəflərdəndir.

Düşmən eyni zamanda Ermənistan və Azərbaycan arasında qalıcı sülhün əldə edilməsinə mane olmaq, gərginliyi davam etdirmək istəyir. Azərbaycan və Türkiyənin vasitəsi ilə gerçəkləşdirilən regional və qlobal layihələrin həyata keçrilməsinə mane olmaq, öz ölkələrində güclü olan erməni lobbisinin dəstəyini qazanmaq da başlıca niyyətlərdəndir.

Görünən odur ki, sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs bu üç ölkənin marağındadır və ona görə də daimi şəkildə vəziyyətin gərgin olmasına çalışırlar. Ermənistanın atdığı addımların isə iki əsas səbəbi var.

Bunlar Paşinyanın hələ də ölkədə nəzarəti ələ ala bilməməsi və ortaq razılaşmaların şərtlərinin icrasını ləngitməsi, yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırmasıdır. Baş verən toqquşmaların lokal xarakterdən artıq olacağı inandırıcı görünmür. Amma bu cür problemlər hələ uzun müddət davam edə bilər”.