Tələbələr bilmir sevinsin, ya sevinməsin...

Təhsil kreditlərindən təhsil haqqı az olan tələbələr yararlanacaq

Baş nazirin imzaladığı sənəddə kifayət qədər mübahisəli məqamlar var

Baş nazir Əli Əsədov "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nı təsdiq edib. Bu sənəddə təhsil tələbə krediti almaq üçün müraciət etmək, tələb və güzəştlər, təhsil tələbə kreditini hansı bankların verəcəyi, kreditinin qaytarılması qaydaları və sair məsələlər öz əksini tapıb. Qaydada əksini tapan əsas məqamlardan biri də tələbə Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən krediti vaxtından əvvəl qaytara bilər.

Belə ki, tələbənin kreditini özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) ödəyə bilər. Qaydaya əsasən, təhsil tələbə kreditinin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə fondun tələbələr üçün yaratdığı imkanlardan danışıb. O qeyd edib ki, bu fond ilk növbədə Azərbaycanda təhsil haqqını ödəyə bilməyən insanlara böyük dəstək olacaq:

"Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya nəzər salsaq, görərik ki, kifayət qədər mübahisəli məqamlar da var. Birinci orda qeyd olunur ki, tələbə Təhsil Tələbə Krediti Fondundan istifadə etmək hüququna malikdir. Burada iki kateqoriyaya kredit veriləcək. Belə ki, sənəddə sosial kreditlər və standart kreditlərin verilməsi nəzərdə tutulub. Tələbələr birinci tədris ilinin ilk semestrindən etibarən "Təhsil Tələbə Krediti Fondu"nun vəsaitindən istifadə edə bilər. Sosial kreditlərdən üçüncü qrup əlilliyi olan tələbələrin istifadəsi nəzərdə tutulub. Qanunvericiliyə görə, birinci və ikinci qrup əlilliyi olan şəxslər təhsil haqqı ödəməkdən azaddırlar. Üçüncü qrupun bura əlavə olunması ciddi güzəştdir. İkinci kateqoriyaya hər iki valideyni üçüncü qrup əlil olan şəxslər daxildir. Mübahisəli məqam birinci və ikinci qrup əlilliyi olan şəxslərdir ki, qanuna görə, onsuz da onlar təhsil haqqından azad idilər. Burada hər iki valideynin əlil olması tələbi bir qədər tələbələr üçün çətinlik yarada bilər. Belə çıxır ki, valideynlərindən biri əlil olanlar bu güzəştdən yararlana bilməyəcəklər. Amma ola bilər ki, ailədə əlil olan şəxs ailə başçısıdır və evin tək işləyən şəxsi odur. Bundan əlavə, yaşa görə əmək pensiyası və sosial müavinət alanların övladları da təhsil tələbə kreditindən istifadə edə biləcəklər. Bu, olduqca müsbət addımdır. Daha bir müsbət yenilik işsiz kimi qeydiyyatda olan ailə üzvləri olan tələbələrin "Təhsil Tələbə Krediti Fondu"nun vəsaitindən yararlanmaq imkanının yaradılmasıdır".

K.Əsədov deyib ki, standart kreditlərin verilməsi ilə bağlı tələblərdə çatışmazlıq ümumi orta müvəffəqiyyət göstəricisi ilə bağlıdır:

"Belə ki, ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarı olanlar tələbə krediti üçün müraciət edə biləcək. Fikrimcə, bu yol doğru yanaşma deyil. Çünki tələbənin müxtəlif səbəblərdən ümumi orta müvəffəqiyyət göstəricisinin aşağı olması mümkündür. Yeni təsdiq edilmiş sənəddə standart kreditlərdə illik təhsil haqqının 20 faizinin ödənilməsi tələbi də yer alıb. Yəni tələbənin təhsil haqqının yerdə qalan hissəni kredit kimi götürmək imkanı olacaq ki, bu da sosialyönümlü addımdır. Qeyd edim ki, tələbə kreditləri yüksək təhsil haqlarına şamil olunmayacaq. Çünki burada kreditin həcmi o qədər də böyük deyil. Təhsil haqqı az olan tələbələr, yəni 2500-3000 min manata qədər ödəniş edənlər təhsil kreditindən yararlanacaqlar. Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Son müddətin 10 ilə qədər göstərilməsi yaxşı haldır. Təhsil kreditinə görə hər hansı zamin və sair öhdəliklər tələb olunmayacaq. Daha bir vacib məqam kredit məbləğinin sığortalanmasıdır. Hər hansı bədbəxt hadisə nəticəsində şəxs ödəmə qabiliyyətini itirəcəksə, məbləğ sığortalanır və dövlət tərəfindən ödənilir. Bir məqam isə əyani tələbələrin bundan yararlanmasıdır. Çox yaxşı olar ki, qiyabi təhsil alanlar da tələbə kreditindən istifadə etsinlər. Bundan əlavə, sənəddə kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır. ÜOMG-si 91 və yuxarı olan tələbə, təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq. Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. Ümumi orta müvəffəqiyyət göstəricisi 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq".