"Ərdoğanın xarici siyasətdəki dəyişikliyi Amerikada isti qarşılanmır"

"Türkiyənin hərbi qüdrətinin artması ABŞ-da da narahatlıqla izlənilir"


"Hazırda iki NATO müttəfiqi arasında münasibətlər soyuqdur. Şübhəsiz ki, Türkiyənin hərbi sənayesinin inkişafı, xüsusilə PUA sistemlərinin istehsalı və onun regional konflikt ocaqlarında uğurlu istifadəsi hərbi mütəxəssislərin də diqqətini çəkir. Türk dronları hərbi sənayedə bir inqilabdır. Bu dronlar həm ucuz başa gəlir, həm də münaqişə regionlarında faydalı olur. Təxminən, keçən həftə Türkiyə Prezidenti Ərdoğan tərəfdarları qarşısında etdiyi çıxışda belə demişdi ki, türk dövləti ölkəyə yarana biləcək istənilən təhdidi yerindəcə yox etmək qabiliyyətinə malikdir. Ərdoğana görə, ölkəsinin təhlükəsizliyi öz sərhədləri daxilində deyil, təhdidlərin olduğu hər yerdə başlayır".
 
Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev deyib.  O qeyd edib ki, böyük və güclü dövlətlər özlərinə qarşı yaranan istənilən təhdidi dünyanın istənilən nöqtəsində aradan qaldırır:

"Digər tərəfdən, Türkiyənin hərbi qüdrətinin artması ABŞ-da da narahatlıqla izlənilir. Hətta son vaxtlar bəzi senatorlar Baydendən xahiş edirlər ki, Türkiyənin regional aktivliyinin qarşısını alsın. Türkiyənin Suriyadakı diktator Əsəd rejiminə qarşı son hərbi əməliyyatlarında 135 tank, 10 hava hücumundan müdafiə sistemi, 8 helikopter və 2557 rejim əsgəri məhv edilmişdi. Fərz edirəm ki, 2020-ci il türk gücünün proyeksiyası üçün vacib il idi. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin dəstək verdiyi Azərbaycan böyük qələbə əldə etdi. Azərbaycan bu müharibədə Ermənistanın sahib olduğu xeyli Rusiya istehsalı silahı sıradan çıxardı və 5 minə yaxın erməni əsgərini məhv edə bildi. Biz eyni nəticəni Liviya və İraqın şimalında da müşahidə etdik. 2000-ci illərdə Türkiyə ətrafında baş verən problemləri dialoq yoluyla həll etmək istəyirdi. Lakin bu problemlər həll olunmadı və rəsmi Ankara öz xarici siyasət doktrinasında dəyişikliklərə getdi". 

Siyasi ekspert əlavə edib ki, Ərdoğanın xarici siyasətindəki dəyişikliklər ABŞ tərəfindən isti qarşılanmadı:

"ABŞ Türkiyənin sərhədlərinə yaxın coğrafiyada ayrı-ayrı terror təşkilatlarını dəstəkləməyə başladı. Əlbəttə, bu, Ankara tərəfindən müsbət qarşılana bilməzdi. ABŞ konqresində Robert Menendez adlı ermənipərəst senator açıq-aydın Dağlıq Qarabağda Azərbaycan tərəfindən cihadçı qrupların döyüşdüyü yalanını təkrarlayırdı. Konqresdə Respublikaçılar Partiyasının başqa təmsilçisi Ceyms Riş Türkiyənin NATO müttəfiqi kimi hərəkət etmədiyini və Rusiyadan S400 raket sistemini aldığını deyirdi. Düzdür, rəsmi Vaşinqton Türkiyəni F-35 sistemindən kənarlaşdırsa da, türklər ən müasir dronları istehsal etməyə nail oldu. Bildiyiniz kimi, ABŞ 2001-ci ildən işğal etdiyi Əfqanıstandan çəkilir. Türkiyə isə Kabil aeroportuna nəzarət etmək niyyətindədir. Ankaranın bu niyyəti ABŞ tərəfindən məmnuniyyətlə qarşılandı. Türkiyə hazırda ətrafındakı regionlarda Cənubi Avropada, Mərkəzi Asiyada, Şimali Avropada, Qafqazda, Şərqi Avropada böyük güc olaraq qəbul olunur. Çünki Türkiyənin lazım gəldikdə sərt gücdən istifadə etmə təcrübəsi var. Məncə, ABŞ üçün hazırda Türkiyənin emprik gücünün bir təhdid ünsürü, ya da fürsət olması reallığıdır".