Hədəf Rusiyadır

"Taliban" ABŞ-ın gücü ilə bütün hakimiyyətə yiyələnəcək

"Əfqanıstanın yeni xəritəsində artıq Əşrəf Qəniyə yer yoxdur"


Ötən gün  Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin parlamentin iclasındakı çıxışı “Taliban” qruplaşmasının narazılığıa səbəb olub. Belə ki, prezident çıxışı zamanı bildirib ki, “Taliban” dəyişib və onlar daha qəddar olublar. Onun sözlərinə görə, döyüşdə şərait dəyişməyənədək “Taliban” danışıqlar masasına qayıtmaq istəyini göstərməyəcək. “Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahid Prezident Əşrəf Qəninin çıxışına münasibət bildirərək tviter səhifəsində yazıb:


“Əşrəf Qəninin çıxışı əsassızdır. O, qorxu və ağlamalı şərait yaratmaqla vəziyyətə nəzarət etməyə cəhd göstərir. Müharibə elan etmək, ittiham və yalanlar Əşrəf Qəninin hakimiyyətini uzatmayacaq. Onun müddəti başa çatıb”.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Şərq"ə açıqlama verib. O, açıqlamasında xüsusi olaraq diqqətə çatdırıb ki, Əfqanıstanın yeni xəritəsində artıq Əşrəf Qəniyə yer yoxdur: "Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının orada inşa etdiyi hökumət vaxtilə işğal rejiminə haqq qazandırmaq üçün yaradılıb. Yəni o, bir oyuncaq hökuməti idi. Həmçinin, əfqan xalqının da ümumi iradəsini əks etdirmirdi. Biz İŞİD və "Taliban"ın adlarını yanaşı da çəksək, ümumiyyətlə, ora dini təmayüllərin güclü olduğu cəmiyyətdir. Və bu ixrac olunmuş din bütövlükdə son 40-50 il ərzində Əfqanıstanın taleyini dəyişdirib". 

Ə.Əlibəyli qeyd edib ki, hazırda "Taliban" Əfqanıstan ərazisinin 90 faizinə nəzarət edir:

"Çox az qalıb ki,  "Taliban"  artıq paytaxtı və o cümlədən vacib nöqtələri də nəzarətə götürəcək. Hesab edirəm ki, bundan sonra biz nə Əfqanıstan hökumətini, nə də ki, Əşrəf Qəninin adını daha eşitməyəcəyik. Sual yarana bilər. Hazırda Əfqanıstanda son proseslər nəyə işarədir? Son proseslər ona işarədir ki, Birləşmiş Ştatlar bütövlükdə Əfqanıstanda yenidən "Taliban"a meydan açmaqla və onu hakimiyyətə gətirməklə artıq talibançılığı, dini ekstremizmi və radikalizmi Orta Asiya ölkələrinə ixrac etməyi qarşısına məqsəd qoyub. Burada da əsas hədəf xüsusilə  Tacikistan vasitəsilə Rusiya coğrafiyasına, yəni onun sərhədlərində ciddi şəkildə "bombalar" yerləşdirməkdir.

Rusiyanın başına sözün əsl mənasında daha ciddi problemlər açmaqdan ibarətdir. Siz fikir verin ki, bu, Bayden hakimiyyətə gəldikdən sonra daha geniş bir əhatə alıb. Burada da əsas məsələ odur ki, Bayden 4 il ərzində necə olur-olsun Rusiyanı cəzalandırmağı qarşıya məqsəd qoyub. Rusiyanın xəritəsinə nəzər yetirdikdə bütün xəritə boyunca ortaya çıxarılan münaqişələrin hamısının hədəfi də məhz bundan ibarətdir".