Qəzetli kişi haqqında esse 


Kitabxananın pillələri çox dardı, iki ayaq sığmaz.  Amma, o, bu pillələri qaça-qaça qalxıb-enir. Ayaqlarına dar gələn yolları qət etməyi çoxdan öyrənib... 

Dünən kitabxanadakı qız onu görüb gülümsəmişdi:

- Heç bilirsiniz ki, əliniz necə uğurludu? Sizin qaytardığınız bütün kitablar rəfə qalxmamış başqa oxucular tərəfindən aparılır. 
Baməzə tərəfi tutmuşdu, dodağının altında qımışa-qımışa demişdi:
- Mən kimdən müsahibə götürürəm, ardınca ya kitab yazıb çap etdirir, ya da televizora çıxır.
***
... İllər keçmişdi, amma kitabxananın pillələri hələ  “yekəlməmişdilər”, boyu bir yana, heç “kökəlməmişdilər” də, yenə iki ayağı birdən tutmurdular. Amma onun ürəyindəki oxumaq istəyinin hüdudsuzluğu bu kitabxananın divarları arasında mumiyalanmış firona dönürdü, piramida nə qədər hündür olursa-olsun, firon üçün bir sandıq da yetirdi... 

Bu dəfə kitab götürməyə gəlməmişdi Rəşad Məcid... Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin  təşkilatçılığı ilə üç gənc yazarla görüş keçiriləcəkdi. O, bu gənclərin hər birinin ürəyindəki ədəbiyyat yanğısını görmüşdü. Bilirdi ki, bəzən illər, yaşananlar yanğıları söndürməyə də, körükləməyə də qadir olur. Qara damların bacasından süzülən işığa tutunan kimi tutunurdu gənclərin ədəbiyyat sevdasıyla qorlanan ümidlərinə... Və “istedad həmişə onu təsirləndirib, gözünü yaşartmışdı”... 

Cibindəki kağız dəsmalı çıxarmağa ehtiyac duymadı, sol əlinin arxası ilə kirpiklərinə toxundu; bu gün şeirlərini dinləyəcəyi gənclərin misra-misra öldüyünü, söz-söz intihar etdiklərini bilirdi. Onu da bilirdi ki, insanlığın xilası sözə məğlub olmaqdan keçir... 
***
... Parkdakı ağaclar avqustun istisinə mətanətlə dözürdü, hələ yarpaqlarına sarı düşməmişdi. Bu istidə parkdakı bütün skamyaların dolu olması  qocaya qəribə gəlirdi.  Oturmağa yer axtarırdı bayaqdan, hər yeni skamyaya yaxınlaşanda eynəyinin tərləyən şüşəsini silir, gözaltı orda oturanı süzürdü.  Nə telefonunda  filmə baxan gənc oğlan, nə evdarlıq kitabı oxuyan orta yaşlı qadın, nə də başını sevgilisinin çiyninə söykəyib su şüşəsini qucaqlayan qız “yanında xatirələr dincə qoyulacaq” adam deyildi qoca üçün... 

Üzü prospektə baxan skamyada bir orta yaşlı kişi oturmuşdu, əlində “525-ci qəzet” vardı. Kişi qəzeti  dizlərinin üstündə qoyub ikiəlli möhkəm-möhkəm tutmuşdu. Baxışları qəzetin sərlövhəsinə zillənmişdi. Qoca eynəyini çıxarıb gözlərini qıydı, köksünü ötürüb ehmalca onun yanında əyləşdi. Axtardığını tapmışdı; yanındakı öz xatirələrinin yonca vaxtındaydı... 

... Təranə Vahid demiş: “Rəşad Məcid ...romana keçmədi, həyatı roman kimi yaşadı...”   
***
- Gəlmişəm, ay Rəşad müəllim!

İçəri girən gəncin gümrah səsi onun da qırışığını açdı, gülümsəyib əli ilə qarşısındakı stulu göstərdi:
- Bir otur görək  xeyir işəmi gəlmisən?
Gənc onun bu səmimi təbəssümündən daha da ilhamlandı,  bir hövldə stulu çəkib oturdu. Sual gözləmədən danışmağa başladı:
- Yeni bir hekayə yazmışam. Əntiqə yazıdı ha! Dedim birinci qaçım Rəşad müəllimin yanına. Heç kim verməsə də, o, “525”ə verəcək. Özüm ölüm, hələ mərc də gəldik dünən axşam şairlərin kafesində. Dedim, əgər, Rəşad müəllim bu əntiqə hekayəni qəzetə verməsə, hərəyə beş kətə məndən!  İndi gəlmişəm ki, hekayəni sizə verim. Hekayə bir-iki günə çıxsa, ən azı, beş gün mənə  kətə qonaqlığı verəcəklər. 
O, gəncin dünya boyda ümidinə baxaraq için-için sevinirdi. Onu da bilirdi ki,  gənc bu saat da acdır,  cibində pul yoxdur, sabah da belə olacaq, birisigün də heç nə dəyişməyəcək. Atasının kənddən göndərdiyi cibxərcliyini universitetə gedib-gəlməyə yolpulu saxlayır,  hərdən düşən fəhləliyindən qazandığı beş-üç manat da heç kitab-dəftərinə,  kirayəsinə yetmir. O ki qala mərcdə kətə qonaqlığı uduza... Yox, gənc bunun heç vaxt baş verməyəcəyinə  ümid edərək onun qapısına üz tutmuşdu. 
... Ürəyində incə bir sızı nəfəs-nəfəs böyüyürdü... Gəncin sonuncu cümləsi qulaqlarında ümid himni kimi cilvələnirdi: “Hekayə bir-iki günə çıxsa, ən azı, beş gün mənə  kətə qonaqlığı verəcəklər...”.
Ürəyindəki sızı təbəssümünə qalib gəlməmiş dilləndi: 
- Qoy hekayəni bura, get. Vaxtımı alma, oxuyum. Sabah-birisigün qəzeti izlə, xoşuma gəlsə verəcəyəm - dedi, amma, özü də bilirdi ki, hekayənin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, o gənc ac qalmamalıdır... Və onun kətəli ümidləri “525-ci qəzet”in redaksiyasının qapı çərçivəsinə çırpılıb çiliklənməməlidir.  

... Qulu Ağsəs həmişə onu “Qapısı açıq Məcid” deyə çağırır...
***
Facebook yenə “dalğalanırdı”.  Xumar Qədimova “Bir də gəlməyəcək...” oxumuşdu. Hamı mahnının əsiri olduğunu, “Çiyələk qadın”ı yenidən kəşf etdiyini yazırdı. Hələ şeirin müəllifinə yazılan təşəkkürlər... Statusdan statusa, paylaşımdan paylaşıma hamı  “Bir də gəlməyəcək...” deyirdi... 
Gənclərdən biri yazmışdı: “Bir müğənninin şeirini oxuması hələ o müəllifin şair olması demək deyil...”  Təbii ki,  bu status gözündən qaçmamışdı. Amma o yenə gülümsəmişdi... Gənclərin özünə  olan güvəninə sevinmişdi həmişə... Yenə ürəyində bir sızıltı başlamışdı burum-burum... “Niyə axı  “yaradıcılıqla məşğul oluram” deyən gənclər bir nəsil öncənin yaradıcı insanlarına düşmən kəsilir?” Bu sualın cavabını axtarmağa başlamışdı o gündən... 
... İllər keçmişdi,  beynindəki suala bir yox, onlarla cavab tapmışdı,  hələ də cavablar bir-birini “doğmaqdaydı”... Amma illər o statusu yazan gənci də düşündürmüşdü, böyütmüşdü... Bu dəfə o yazmışdı: “Çəkinmədən qapısı döyüləcək adamdı Rəşad Məcid. O, istedadlılara inanır, güvənir və onları heç vaxt tək qoymur”.  

... Təranə Vahidin dediyi kimi: “Rəşad Məcid düşmənə belə barış əlini uzatmağı bacaran qənimət adamdı...” 
***
... Qoca xatirələrini dincə qoyub özü də daxilən rahatladı. Avqustun istisindən yapışqana çevrilmiş barmaqlarını şaqqıldatdı, üzünü skamya yoldaşına çevirdi. Qəzetli kişi hələ “yaddaşında “Yallı” gedən günlər”dəydi... Qoca onun xatirədən-xatirəyə adladığı yolu üzündən oxumağa çalışdı.  Amma bacarmadı... Skamya yoldaşının dodaqlarının azacıq tərpənməsindən ümidləndi, başını ona tərəf əyib sağ əliylə sağ qulağını tutdu. İnstinktiv olaraq, belə etdikdə sol qulağının daha yaxşı eşidəcəyinə inanırdı... Yaxşı ki inanırmış! Yoxsa heç vaxt qəzetli kişinin nə dediyini eşitməyəcəkdi... 
- İki damla yaşla çıxanlar var,
Bir hönkürtüylə bitənlər...

***
... 2019-cu  il iyulun 31-də oxu.az saytına verdiyi müsahibədə demişdi Rəşad Məcid: “Unutmaq  hərdən insana çox lazım olur!  Yaşaya bilmək üçün...”

Şəfa Vəli (2019, avqustun son günü)