Avqustun 13-də “Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə yazar, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim baş tutub. Xatırladaq ki , bir necə il öncə Azərbaycan Yazıçılar Birliyi nəzdində "Gənc ədiblər " məktəbi də fəaliyyət göstərib və bu iş dayandırılıb. İndi estafet gənclərin özlərinə ötürülüb.
Bu təhsil modeli XX əsrin əvvəllərində Amerikada yaranıb və dünyada geniş yayılmağa başlayıb. Harvard, Yale, Ayova, Stanford, Kornel, Oxford və digər nüfuzlu universitetlərdə Yaradıcı Yazarlıq fakültələri fəaliyyət göstərir.
Ramil Əhmədin təlimdə hansı fikirləri aşıladığı, strukturu ilə bağlı fikirləri öyrəndik.
O "Sherg.az"a açıqlamasında bildirib ki, müxtəlif zamanlarda belə fikirləri olub:
"Bu və ya digər formada gerçəkləşən uğurlu addımlarımız da var. Bir-iki universitetimizdə bu adda bir semestrlik dərslər də verilir. Ancaq bir məsələ var ki, bu nümunələrdə bir ölçüsüzlük də qeydə alınıb.Buna səbəb işin peşəkar əsasları tam bilinmədiyindən, üstəlik mənbələrin çoxunun əlçatan olmaması da bu təsadüfiliyi yaradıb. Yaradıcı Yazarlıq təhsil modeli dünyanın özü üçün də yenidir. İstanbul Universitetində “Yaradıcı Yazarlığın Estetikası və Pedaqogikası” adlı doktorluq dissertasiyamı tamamlamışam. Bu mövzuda Türkiyədə və Azərbaycanda ilk dəfədir ki, doktorluq işi yazılır. Uzun illərdir bu sahənin keçmişi, bu günü və gələcəyi haqqında araşdırmalar edirəm. İşin nəzəri əsasları və praktikası mənim əsas mövzum olub. Bu sahənin keçdiyi yol və Qərbdən Şərqə doğru genişləməsinin sosyoloji, tarixi əsasları tədqiqatıma daxildir. Hətta bu sahənin kabusuna çevrilən “Yazarlıq öyrədilə bilərmi?” sualına müxtəlif aspektlərdən verilən cavabları da maraqlı araşdırma mövzusudur”.
R.Əhməd qeyd edib ki, “Yazarol” adlı bir platforma da yaradıb:
"Məqsədim yazının texnikasını, ümumən desək yaradıcı yazarlığın sirlərini insanlarla paylaşmaqdır. Yazarlıq bir peşədir və onu öyrətmək mümkündür. Həm əyani, həm də onlayn formada bir ay davam edən proqram əsasında təlimlər verirəm. Təlimlərə uzaq Fransadan tutmuş Füzulidən, Lənkərandan, Sabirabaddan və digər bölgələrdən qoşulan tələbələrim var. Dünyada da bu işi belə edirlər. Çünki bu təlimlər adətən mərkəzi şəhərlərdə olur . Bölgədə yaşayanların bu təlimlərə qoşulması üçün onlayn format önəmlidir. Yeri gəlmişkən bu təhsil modelinin onlayn necə işləyib işləmədiyinə dair də elmi araşdırmalar var. Qısacası, təlimlərimdə heç nə təsadüfi deyil, hər şeyin bir istinad nöqtəsi, nəzəri əsası var.
Təlim vermək, dərs keçmək ilk növbədə pedaqogika məsələsidir. Konkret olaraq bu gün hazırladığım proqram dünyanın nüfuzlu universitetlərinin təcrübəsindən yararlanaraq hazırlanıb və uğurlu şəkildə tətbiq olunur. Dərslərimdə yerli müəlliflərdən nümunələri çox verirəm. Bəzən tələbələrə elə gəlir ki, dediyim məsələlər Azərbaycan ədəbiyyatı üçün keçərli deyil. Ancaq necə ki, Nyutonun qanunları, Mendeleyevin kimyəvi elementlərin dövri cədvəli bəşəridir, hər yerdə vahiddir, bədii mətnin strukturu da belədir. Təəssüf ki, biz narratologiyaya dair nəzəri kitabları az nəşr etmişik. Bu səbəblə nəinki geniş oxucu kütləsində, hətta yazarlar arasında bu işin meyar və ölçüləri naməlum olaraq qalır. Bu təlimə qoşulmaq üçün əvvəlcədən nəsə yazmaq vacib deyil. ilk baxışda əlçatmaz, mümkünsüz görünür, amma işin texnikasını biləndən hər şey asanlaşır, aydınlaşır.
Təlimlərimdə heç vaxt yazmayan həkimlər, müəlllimlər olub. Onlar ilk dəfə yazarlıq emalatxanasında mətnlərini yazıblar. Və çox da uğurlu mətnlər alınıb. Biz yaxın zamanlarda həmin hekayələri nəşr edəcəyik”.
Qeyd edək ki, Ramil Əhməd Yaradıcı Yazarlıq təhsili ilə bağlı Türkiyə və Azərbaycan doktorluq dissertasiyası yazan yeganə müəllifdir.