NİZAMİ YARADICILIĞI və SÖZÜN QÜDRƏTİ...






Sözdür həm təzə şey, həm də köhnə şey,
Sözdən bəhs edilir zaman-zaman hey.

(Nizami Gəncəvi)

Dünya var olandan bəri söz, kəlam qədər qiymətli, əziz və ürəkləri fəth edən heç bir şey yaranmayıb.
Söz haqqında istər Şərqin, istərsə də bütün dünyanın söz ustaları, dahi şəxsiyyətləri qiymətli fikirlər söyləmişlər. Azərbaycanı bütün dünyaya tanıdan dahi söz ustası Nizami də, təbii ki, bu mövzuya biganə qalmamışdır. Şair bütün poemalarında, yeri gəldikcə, sözü – kəlamı vəsf etmiş, onun sehrindən söhbət açmışdır.

N. Gəncəvi ilk poeması olan “Sirlər xəzinəsi”ndə “Sözün tərifi” bölməsində yazır ki, bəşəriyyət yarandığı gündən qələmin ilk yazdığı söz–kəlam olmuşdur. Söz, dünyanın sirrini açanilk ən gözəl vasitədir. Ürəyin sirlərini izhar edən sözdür. Kainatın bütün sirləri söz vasitəsi ilə bəyan olunur. Sözün qədir-qiyməti o qədərdir ki, danışmaqla bitməz.

Dünya yaranan gündən qələmin ilkin sözü
Varlıq səhifəsində sözün özüdür, özü.

Açılanda varlığın sirli pərdəsi əzəl,
Söz oldu bu cahanda cilvələnən ilk gözəl.

Ürək sözə dil açdı, dedi ki: “Ver mənə can”,
Yoxsa, yolmu tapardı bu cansız bədənə can?!

Yer üzünə incini sözlə saçıbdır qələm,
Kainatın gözünü sözlə açıbdır qələm.

Dünyaya sözdür şərəf, gör ki, nədir qiyməti,
Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.

Nizami, sözü insan düşüncələrini ən uzaq mənzillərə belə çatdıran quşa bənzədir.
Düşüncələr, xəyallar, min-min əsər bitirər,
Onu sözün quşları mənzilinə yetirər.

Başqa bir yerdə şair qeyd edir ki, əgər hökmdarların tacı qızıldan, gümüşdəndirsə, arif adamların, söz sahiblərinin tacı isə sözdəndir. Şairlər hər yerdə söz ilə hökmranlıq etmişlər:

Tacidar tac sahibi sözü sanıb cahanda,
Ariflər söz qədrini sözlə anıb cahanda.

Gah dillərdə təranə, əllərdə ələmdi o.
Gah qələmlə süslənən füsunkar sənəmdi o.

Sanma bayraq söz qədər zəfər çalar hər yanda,
Qələm öz qüdrətinə ölkə alar hər yanda.

Şairə görə, söz sahibləri məhz sözün “ölüsü” olduğu üçün söz də onları həmişə diri saxlayır. Kainatdan gözəl olan sözün rəngi – boyasını vəsf etmək üçün dil acizdir. Sözü dünyanın inciləri ilə müqayisə edən şair sözü onlardan üstün tutur və onu dünyanın naxışı adlandırır; o, qiymətli sözün hakim kimi hər yerdə başda oturduğuunu diqqətə çatdırır:

Biz ki, söz aşiqiyik, söz sevənin biriyik,
Onun ölüsüyük ki, onunla da diriyik.

Yer üzündə tapılmaz sözün rəngi-boyası,
Dilə gəlməz tərifi - dili aciz qoyası.

Şairi şah elədi şah əsərləri sözlə,
Möhürlədi məsləki məslək ərləri sözlə.

Sözü - qızıl yatağı altunla tutdu qoşa,
Dedi söz sərrafına: “De, hansı gəlir xoşa?

Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdır?”
Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır!”

Söz hər yerdə hakimdi, hamıdan baş da odur,
Dünyanın sərvətidir, inci qaş-daş da odur.

Nizami özünün ikinci poeması “Xosrov və Şirin”də də sözün sehrindən bəhs etmişdir. Şair qeyd edir ki, boş və mənasız sözləri heç kəs dinləmir və söz ustası çalışmalıdır ki, yüz sözlə bir mən yox, bir sözlə yüz məna ifadə etsin. Şairə görə, su həddini aşanda hər şeyi qərq etdiyi kimi, bədəndə qan çox olanda neştərlə alındığı kimi, çox söz də sahibini hörmətdən salar. Az danışan az səhv etdiyi kimi, çox danışan da çox qüsur buraxar.

Boş, mənasız sözlər kimə gərəkdir?
Kim belə sözləri dinləyəcəkdir?

Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.

Su artıb həddini aşarsa əgər,
İçəni doydurmaz, mütləq qərq edər.

Bədəndə həddindən artıq olsa qan,
Neştərlə tökərlər onu damardan.

Az danış, desinlər sözündə güc var.
Çox sözü dinləyən çox nöqsan tutar.

Nizami yazır ki, qiymətli söz dəryaların dibində olan qiymətli gövhərdir, bu gövhəri əldə etmək üçün gərək söz dəryasının qəvvası olasan:
Söz deyən qəvvasdır, söz isə gövhər,
Bu gövhər çox çətin əmələ gələr.

Yalan və böhtanın həm sözü, həm də söz sahibini qiymətdən saldığını söyləyən şair hamını doğru danışmağa çağırır:
Söz canlı olanda abi-həyattəк
Hər bir mümкün şeyi caizdir deməк.

Var doğru yazmağa, madam кi, imкan,
Neçin gəlsin gərəк ortaya yalan?!

Qiymətdən salmışdır sözü yalanlar,
Doğrunu danışan möhtəşəm olar.

Nizami Gəncəvi sonrakı üç poemasında da (“Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) yenə sözün dəyərindən və söz sahiblərinin əbədiyaşar olmasından söz açmışdır.

Az danışmağın gözəlliyindən “Leyli və Məcnun” poemasında bir daha söz açan Nizami sözü su ilə müqayisə edərək yazır ki, artıq içilən su insana narahatlıq, ağırlıq gətirdiyi kimi, çox danışmaq da insanı hörmətdən salır. Danışarkən sözləri inci kimi seçmək və düzmək gərəkdir. Az sözün inci qədər qiyməti olduğu halda, çox sözün kərpic qədər qiyməti olmaz.
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.

Nizami “Yeddi gözəl” poemasının “Sözün tərifi” parçasında həm keçmişdə, həm indi sözdən dönə-dönə bəhs olunduğunu yazır və göstərir ki, varlığın anası sözdən gözəl övlad doğmamışdır. Söz bizə təzə hekayə və rəvayətləri çatdırır. Tanrının yaratdığı hər şey aradan getsə də, söz əbədi yaşayacaq:

Sözdür həm təzə şey, həm də köhnə şey,
Sözdən bəhs edilir zaman-zaman hey.

Varlığın anası doğmamış, inan,
Sözdən gözəl övlad, şahiddir cahan.

Ruh kimi təmiz söz oldu gövhəri
Hatif xəznəsinin əzəldən bəri.

Söz verər bakirə hekayətləri,
Təzə namələri, rəvayətləri.

Tanrı yaratmışsa hər nə, yaxşı bax,
Sözdən başqa bir şey yaşamayacaq.

Son poeması “İsgəndərnamə”də Nizami cuşa gələn təbindən dürr kimi sözlər çıxmasına işarə edərək dövlətli ürəyinin yenə sözlə dostlaşmasını göstərir, özünün söz mülkünün hakimi olmasını ilahidən gəldiyini söyləyir:

Dəniz dalğalanıb gələrsə feyzə,
Sədəfdən dürr alıb çıxardar üzə.

Yenidən dövlətim başımdan aşdı.
Dövlətli ürəyim sözlə dostlaşdı.

Varlıq pərgarının ulu rəhbəri
mənə söz mülkünü verəndən bəri,

Xeyli düşündüm ki, bu ölkəni mən
bəs kimə tapşırım özüm gedərkən?

Bütün yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, bütün şahlar, hakimlər bir müddət sonra unudulduqları halda, söz dünyasının hökmdarı Nizami əbədi olaraq yaşayacaq. Fikrimizi Nizaminin öz dili yekunlaşdıraq:

Söz durduqca sorağı qoy dünyaya car olsun, 
Nizaminin şöhrəti sözlə daim var olsun!


Elşad NƏSİROV,

Masallı rayonu, Qüdrət Babayev adına Mahmudavar kənd
ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi.