Tərtibatından tutmuş yazı üslubuna, materialların təqdimatına, hətta əməkdaşlarının ünsiyyət tərzinə görə fərqlənən “Şərq” qəzetinin 25 illik yubileyi ölkənin media həyatında ciddi hadisəyə çevrilib. Hər şeydən əvvəl ona görə ki, bu qəzet əsrin dörddə biri müddətində müstəqil bir məmləkətin salnaməsini yazıb. Mövcudluğu tarixində qəzet çox ciddi çətinliklərlə, maneələrlə, təzyiqlərlə üzləşib, amma nə yaxşı ki, ciddi zədə almadan bu günümüzədək gəlib.
“Şərq”in mətbuat aləminə gəlişini yaxşı xatırlayıram. Onda mənim çalışdığım “Səhər” proqramı (AzTV) təzə-təzə efirə çıxırdı və biz mətbuat xülasəsi hazırlayarkən, yaxud orijinal məlumatlar axtararkən ara-sıra bu qəzetə də istinad edirdik. Demək olar ki, ilk nömrəsindən indiyə kimi qəzetin oxucularından biriyəm, onun üzləşdiyi problemlərdən, tez-tez üzləşdiyi qayğılardan, qazandığı uğurlardan xəbərdaram. Bu illərdə qəzetin sükanını düz saxlayan baş redaktoru, istedadlı alim-araşdırmaçı Akif Aşırlıdan tutmuş peşəkar redaktor və reportyorlara kimi əməkdaşların əksəriyyəti ilə səmimi münasibətlərim vardır.
Bir mətbuat adamı kimi “Şərq”in mənim üçün dəyəri onun üstün xəbər mediası olmasında və bir də peşəkarlığındadır. Yığcam məlumatlar, xəbərlərin ekspressiv üslubda təqdimatı, fləş-xəbərlərin çoxluğu qəzeti oxuculara çox yaxınlaşdırır. Doğrudur, hazırda bir tərəfdən medianın ümumi böhranı, digər tərəfdən internetin hökmranlığı qəzetlərin oxucu sayını xeyli azaldıb, amma bununla yanaşı mən “Şərq” qəzetinin sabit oxucu və təəssübkeşləri olması qənaətindəyəm. Məncə, qəzet bu oxucu və təəssübkeşlərinin sayını artırmaq üçün yeni cəhdlər etməli, o cümlədən tənqidi yazı və araşdırmaları artırmalıdır.
Bir neçə gün əvvəl “Şərq” qəzetinin kollektivinin 25 illik yubileyləri münasibəti ilə Fəxri Xiyabanda Azərbaycan milli mətbuatının banisi, “Əkinçi”ni tarix səhnəsinə gətirməklə böyük fədakarlıq göstərmiş Həsən bəy Zərdabinin məzarını ziyarət etməsi xəbərini oxudum. Addımın özü məni mütəssir etdi, çünki “Şərq” hesabat vermək üçün böyük millət fədaisinin məzarı üstünə getməyə mənəvi haqqı olan azsaylı media qurumlarından biridir. Mən bu haqqı özündə saxlaya biləcək gücündə olan bütün “Şərq”çiləri 25 illik yubileyləri münasibəti ilə təbrik edir, hazırkı çətin media rəqabəti şəraitində onlara uğurlar diləyirəm!
Qulu Məhərrəmli
BDU-nun professoru