NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA VƏTƏN SEVGİSİ - Nizami – 880

Dünya ədəbiyyatı xəzinəsinə “Xəmsə” kimi möhtəşəm bir ədəbi abidə bəxş etmiş Nizami Gəncəvi Azərbaycan intibah ədəbiyyatının ən qüdrətli nümayəndəsidir.
Məlumdur ki, XIII əsrə qədər bütün Şərqdə olduğu kimi, Azərbaycanda da poeziya dili fars dili idi. Təbii ki, zəmanəsinin oğlu olan Nizami Gəncəvi də bu ənənədən çıxa bilməmiş və özünün ölməz beş poemasını fars dilində yazmşdır. Lakin Azərbaycanın qədim və zəngin şəhərlərindən olan, Qədim ipək yolu üzərində yerləşən Gəncə şəhərində doğulması və ömrü boyu orada yaşaması Nizami Gəncəvinin bütün varlığı, qanı və canı ilə bir türk–Azərbaycan oğlu olmasına çox inandırıcı sübütdur.

Təsadüfi deyildir ki, həm həyatında, həm də yaradıcılığında şair, yeri gəldikcə, öz vətənini, onun bərəkətli torpağını, təbiətini, insanlarını, mənəvi zənginliyini, əxlaq və milli qürurunu vəsf etməkdən çəkinməmişdir.

Hərçənd ki, bir sıra İran mənbələrində Nizaminin Qum şəhərində anadan olması haqqında yanlış fikirlər vardır, lakin şairin öz əsərlərində dönə-dönə Gəncədə doğulmasını təkrar etməsi və Azərbaycan Nizamişünaslarının təkzibolunmaz sübütları bu yanlış fikri alt-üst etmişdir.
Belə ki, “Sirlər Xəzinəsi”  poemasının  “Əsərin bitməsi” hissəsində şair belə yazır:

Şairliyini saxlayıbdustaq kimi Gəncədə,
Mənəm indi dünyanın söz hakimi Gəncədə…

Boğazımı gör necə düyünləyibdi Gəncə,
Yoxsa, İraq xəznəsi mənim olardı, məncə.

Aləm deyir: “Övladsan sən dünyaya, Nizami,
Sığışmazsan Gəncədə gen dünyaya, Nizami”.

Göründüyü kimi, şair insanın yalnız öz vətənində xoşbəxt olacağını vurğulayaraq qeyd edir ki, əgər Gəncə boynuma salınmış boyunbağı olmasaydı, mən İraqın bütün xəzinələrini öz şeirlərimlə fəth edərdim. Başqa sözlə desək, əgər şair öz doğma şəhərindən ayrılmaq qüdrətinə malik olsaydı, xilafətin mərkəzi Bağdada köçüb söz sənəti ilə xəzinələr yaradardı.
Məlumdur ki, o dövrdə elm və ədəbə marağı olan insanlar öz təhsillərini Bağdad, Dəməşq və Qahirə kimi şəhərlərində davam etdrirdilər. Nizaminin doğma şəhəri Gəncəni həmin şəhərlərdən üstün tutaraq tərk etməməsi həm Gəncənin böyük mədəniyyət mərkəzi olmasına, həm də şairin vətənini hədsiz dərəcədə sevməsinə sübutdur.

Sonrakı poemalarından “Xosrov və Şirin”, “Leyli və Məcnun” məhəbbət movzusunda, “Yeddi gözəl”, “İskəndərnamə” isə hakimiyyət və dövlətin idarə olunması mövzusunda yazılsa da, şair yenə, yeri gəldikcə, doğma yurdunu da tərənnüm etmişdir. Bu cəhətdən “Xosrov və Şirin” poeması daha xarakterikdir.

Poemada Nizami, yeri gəldikcə, qəhrəmanların əhval-ruhiyyəsinə və hadisələrə uyğun olaraq Azərbaycan təbiətinin gözəlliklərini, Bərdənin çəmənliklərini, Kəpəz dağının və Göy gölün füsunkar mənzərəsini, Muğanın bərəkətli çöllərini təsvir etməyi özünə fürsət bilir. Aranın və Ərmənin də daxil olduğu Azərbaycan hakimi Məhin Banunu bacarıqlı bir hökmdar kimi təqdim edir.

Dərbənd dənizinin bir sahmanında,
Bir gözəl ölkə var dağlar yanında.

Şahzadə qadındır orda hökmran,
Yayılmış qoşunu İsfahanacan.

Arrandan başlamış Ərmənə qədər
Onun fərmanına boyun əyirlər...

Tutub mal-qarası bütün dünyanı,
Quşdan və balıqdan artıqdır sanı.

Cürətdə kişidən heç geri durmur,
Böyük olduğundan Məhin Banudur.

Fikrinin davamı olaraq poemanın başqa bir yerində şair yenə yazır:

Gün keçib gələndə yeni bir fəsil
O qurur özünə təzə bir mənzil.

Gül fəsli yamyaşıl Muğan yatağı,
Yay zamanı yeri Ərmən torpağı.

Yay ötüb кeçəndə, payız gələndə
Abxazda ovları salır kəməndə.

Bərdənin havası çox mötədildir,
Hər il qış zamanı o bura gəlir.

Nizami poemada bir sıra Azərbaycan adları da işlədərək Qədir xan, Qara xan, Toğrul xan ifadələrini ənənəvi Cəmşid, Nuşirəvan, Kəsra ifadələri kimi ədəbiyyata daxil edir.
Nizami Sasani şahzadəsi Xosrov Pərvizlə Azərbaycan şahzadəsi Şirinin simasında İran və türk əxlaqını qarşılaşdıraraq, bir Azərbaycan türkü kimi, üstünlüyü türk əxlaqına verir. Belə ki, şairin sevə-sevə tərənnüm etdiyi türk şəhzadəsi Şirin Şərq ədəbiyyatında ilk ideal qadın obrazıdır. Bu ideal Azərbaycan qızı ədalətli bir hökmdar olmaqla yanaşı, dərin əxlaq sahibi və başı eyş-işrətə qarışan, məhəbbətə əyləncə kimi baxan şıltaq Xosrov Pərvizi düz yola gətirən bir tərbiyəçidir.
Poemadakı hadisələrin bir qisminin Bərdədə cərəyan etməsi və Məhin Banunun dilindən Xosrovun İran şahı Keyxosrov, özlərinin isə qədim türk hökmdarı Əfrasiyab nəslindən olması faktı Nizaminin Azərbaycan torpağına və türk soyuna böyük rəğbət və məhəbbətinin ifadəsidir:

Əgər o aydırsa,biz afitabıq,
O, Keyxosrov, bizsə Əfrasiyabıq.

Nizami poemasının bir yerində Məhinbanunun Şirinə verdiyi öyüddə də bu Azərbaycan hökmdarının məhəbbətə dair qiymətli fikirlərini ifadə etmişdir:

Dedi: “Bir neçə gün səbr elə, çalış,
Heç kəs həmişəlik darda qalmamış.

Gül kimi tez açıb görünmə aşkar,
İti axan sular tez körpü yıxar...

Top kimi yıxılıb qalxsan yaxşıdır,
Hər yıxılan bir gün qalxacaq axır...

Bugünkü sərtliyə dözəsən gərək,
Kim bilir ki, sabah nə göstərəcək!”

Məhz bu öyüd-nəsihətin nəticəsidir ki, Azərbaycan şəhzadəsi Şirinlə İran şahzadəsi Xosrov Pərvizin məhəbbtə münasibəti tamam fərqlidir. Belə ki, məhəbbətə əyləncə kimi baxan Xosrov bizanslı Məryəm və isfahanlı Şəkərlə macərasından sonra Şirinə də məhz bu cür münasibət göstərməyə çalışır. Lakin elə ilk görüşlərdən “dəmir maneə”yə rast gəldiyini anlayır.Bu “dəmir maneə” öz hissini, güclü məhəbbətini ağlına tabe etdirə bilən Azərbaycan gözəli Şirinin əxlaq və tərbiyəsidir.
Onu da qeyd edək ki, məhz azəri qızı Şirin Nizaminin qadın qəhrəmanları içərisindəən çox sevdiyi və sevə-sevə yaratdığı ideal qadın obrazıdır. Təsadüfi deyil ki, Şirinin ölüm səhnəsində şair həyatdan vaxtsız köçmüş həyat yoldaşı Afaqı xatırlayır.
Ölkənin idarə olunması və əxlaqa münasibətində də Nizami Xosrova nisbətən Şirinə daha çox üstünlük verir, hakimiyyətə keçəndən sonra onun ölkənin qeydinə qalmasını sevə-sevə tərənnüm edir:

Şirinin əlinə çatanda şahlıq
Ölkədən hər yana yayıldı işıq.

Ədalətlə etdi rəiyyəti şad,
Məhbuslar olundu həbsdən azad.

Şəhər qapısından bir bac almadı,
Heç bir əkinçidən xərac almadı.

Zülmdən qurtardı bütün məzlumlar,
Dünyada zülmdən qalmadı asar.

Şirinlə Xosrov arasındakı bu fərq poemadakı əməkçi insan Fərhad obrazına münasibətdə bir daha özünü göstərir.
Nizami Gəncəvi “Leyli və Məcnun” poemasını yazmaq üçün Şirvanşah Axsitandan sifariş alanda şah ona türk-Azərbaycan dilinin bizə yaraşmadığını yazır və bu poemanı fars dilində yazmağı tələb edir. Bu bir Azərbaycan övladı və şairi kimi Nizami Gəncəviyə bərk toxunur.

Bu təzə gəlinə çəkəndə zəhmət
Fars, ərəb dilində vur ona zinət…

Türk dili yaramaz şah nəslimizə,
Əskiklk gətirər türk dili bizə.

Onun ana dilinə bəslənən təhqiranə münasibət böyük şairi həm kədənləndirir, həm də qəzəbləndirir. Nizami qulağına qulluq halqası keçdiyini, gözünün qaraldığını, qan beyninə vurduğunu, xəcalət çəkdiyini qəzəb və təəssüflə  qeyd edir:

Qulluq halqasına düşdü qulağım.
Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam,
Nə də gözüm vardı, xəzinə açam.

Ömrüm viran oldu, solub saraldı,
Bu əmrin önündə cavabsız qaldı.

Uzaqdır həmdəmlər, uzaqdır dostlar,
Nə də dərd anlayan bir köməyim var.

Burada bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, düz iki əsr yarımdan sonra özünü Nizaminin şagirdi adlandıran böyük Azərbaycan şairi M. Füzuli “Leyli və Məcnun” poemasının yazılması ilə bağlı “Rum zəriflərindən” – türk şeir bilicilərdindən belə bir sifariş alır:

Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı.

Azərbaycan dilində “Leyli və Məcnun” poemasını yazmaqla Füzuli sanki böyük ustadı Nizaminin narahat ruhu qarşısında öz borcunu yerinə yetirir.
Nizami Gəncəvi bütün poemalarında olduğu kimi, “Yeddi gözəl” poemasında da bu məsələdən yan keçməmişdir. Belə ki, bu pomasında da öz ağlı, hazırcavablığı və cəsurluğu ilə seçilən türk qızı – Kəniz Fitnə Sasani hökmdarı Bəhram Gura ibrət dərsi verərək onun bir insan kimi kamilləşməsinə nail olur.Sonda Bəhram şahın öz səhvini etiraf etməsi, ondan üzr istəməsi və Fitnə ilə qanuni nikaha girməsi türk qızının mənəvi-əxlaqi qələbəsi kimi səslənir.
Nizami Gəncəvi bəhs etdiyimiz mövzu ilə bağlı son poeması olan “İskəndərnamə”də öz fikirlərini daha da inkişaf etdirərərək yekunlaşdırmışdır. Belə ki, yüksək vətənpərvərlik ideyalarının ən bariz təmsilçisi olan şairin vətəninə və xalqına sevgisi Bərdə hakimi Nüşabə obrazında öz ifadəsini tapmışdır.
Nüşabə sanki “Xosrov və Şirin”  poemasındakı Məhinbanu surətinin davamıdır. Maraqlı budur ki, Nizami İskəndəri öz doğma yurdu Azərbaycana gətirmək üçün tarixi anoxronizmə yol vermişdir. Şairin məqsədi məğrur İskəndəri Bərdəyə gətirərək müdrik və məğrur türk qızı Nüşabə ilə  qarşılaşdırmaqdır.
“İskəndərin Bərdəyə gəlməsi” hissəsində Nizami vətənpərvərlik duyğularını Azərbaycanın, xüsusilə Bərdənin təbiət təsvirində böyük sevinclə ifadə etmişdir:

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.

İyulda dağlara lalələr səpər,
Qışını baharın nəsimi öpər.

O yaşıl meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlamış kövsər.

Söyüdlük çöllərə vermişdir zinət,
Ağ bağı elə bil həqiqi cənnət.

Dünynanın doqquz iqlim qurşağının yerləşdirdiyi, fauna və florası və həyatsevər insanları ilə nadir bir məmləkət olan Azərbaycanı sonrakı misralarda şair belə vəsf edir:

Qırqovul yuvası hər sərv ağacı,
Oxuyur kəkliyi, ötür turacı...

Reyhanı yaşıldır illər uzunu,
Hər çeşid naz, nemət bürümüş onu.

Yem üçün gələr quş bu gözəl yurda,
İstəsən “quş südü” taparsan burda.

Torpağı yoğrulmuş qızıl suyundan,
Elə bil hər yanda bitmiş zəfəran.

O yaşıl yerləri dolaşıb gəzsən,
Şənlikdən başqa bir xəyal görməzsən.

Bərdənin bənzərsiz tərifini verən Nizami sonra bu gözəl diyarın hakimi məğrur türk qızı Nüşabə ilə fateh İskəndəri qarşılaşdırır. Bu qarşılaşmada Nüşabə qadın olmasına baxmayaraq, ağıl və müdriklikdə, qoçaqlıqda kişilərdən geri qalmadığını deyir:

Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.

Bu ağıllı və  cəsur Azərbaycan qadını İskəndərin qabağına yemək əvəzinə, daş-qaş qoymaqla onu nahaq qan tökməkdən, ölkələr fəth etməkdən çəkindirir:

Nüşabə gülərək söylədi şaha:
“Daşın ki boğaza yolu yox daha,

Faydasız, yaramaz belə daş üçün
Bu qədər vuruşmaq, çarpışmaq neçin?

İndi ki yeməyə yaramaz bu daş,
Onunla dünyada ucalarmı baş?”

Göründüyü kimi, Nizami İskəndər kimi bir hökmdara ağıl vermək vəzifəsini bir türk qızının – Nüşabənin üzərinə qoymuş və bununla da bu torpaqda yaşayan insanların hər cəhətdən fəzilətli olduğunu göstərmişdir.
Poemanın başqa bir yerində Nizami qeyd edir ki, İskəndərin ruslarla müharibəsində ruslara əsas zərbəni türklər vurur. Bununla da Nizami öz xalqına  nə qədər məhəbbət bəslədiyini bir daha təsdiq edir. İskəndər türklər haqqında belə deyir:

Xəzər dağlarından Çin dənizinə,
Türklərlə doludur bu yerlər yenə...

Türklərin oxuyla yenə bu zaman
Qabar əskik olmaz rus ayağından.

Fikrimizi yekunlaşdıraraq qeyd etmək istəyirik ki, öz vətənini, xalqını bu dərəcədə sevən, ona bu qədər bağlı olan bir vətənpərvər şair Nizami Gəncəvi ola bilməz ki, Azərbaycan dilində bir əsər, ən azı şeir yazmasın.  Bu mövzu Azərbaycan Nizamişünaslarından onun yaradıclığını yenidən, daha mükəmməl öyrənməyi və təsdiq etməyi tələb edir.

Elşad NƏSİROV,
Masallı rayonu, Qüdrət Babayev adına Mahmudavar kənd
ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi.