Şahbaz Xuduoğlu:“KİV-in fokuslandığı mövzu daha çox şou göstərmək, əyləncə yaratmaqdır”
“Maarifləndirmə ilə bağlı stimul vermək, layihələr təşkil etmək, insanlarda həvəs oyatmaq lazımdır”
“Biz hər kəsin cibinə uyğun olmasını düşünmüşük. Hətta 1 manata belə kitablar olacaq”
"Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu paytaxt Bakı küçələrində Milli Kitab Sərgisinə dəvət üçün insanlara bukletlər paylayıb.
Qeyd edək ki, sərgi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə 15-21 dekabr tarixlərində təşkil olunacaq.
Məlum təşəbbüslə bağlı “Sherg.az”a danışan Ş.Xuduoğlu qeyd edib ki, belə addımlar kitaba marağın artması baxımından olduqca vacibdir:
“Hər halda yerində oturmaqdansa, çalışmaq lazımdır ki, çox insan sərgiyə gəlsin, kitabla maraqlansın, kitab oxusun. Kitab oxumağı geniş şəkildə təbliğ etmək lazımdır. Televiziya və radiolarla əyləncəyə daha çox üstünlük verilir. Bir sözlə, KİV-in fokuslandığı mövzu daha çox şou göstərmək, əyləncə yaratmaqdır. Maarifləndirmə ilə bağlı stimul vermək, layihələr təşkil etmək, insanlarda həvəs oyatmaq lazımdır. Ona görə, biz də səy göstəririk ki, heç olmasa, küçələrdə dəvətnamələr paylamaqla insanları kitab oxumağa təşviq edək. Məncə, bu sərgidə nəticəsini görəcəyik”
Daha sonra Ş.Xuduoğlu bu sərginin tamamilə fərqli olacağını vurğulayıb:
“Sərgi digərlərindən fərqlidir. Fərq ondan ibarətdir ki, çox kitab gətiriləcək. Köhnə kitablar da satışda olacaq. Əlavə olaraq, yazar panel olacaq.Yazarlar öz kitablarını təqdim edəcəklər. Təxminən, 100 minə qədər kitab olacaq. İnsanlar böyük endirimlərdən yararlana biləcəklər. Biz kitabların hər kəsin cibinə uyğun olmasını düşünmüşük. Hətta 1 manata belə kitablar olacaq. Sərgi uşaqlar və məktəblilər üçün kitab sevgisinin yaranması və ya formalaşmasında əhəmiyyətli rol oynayacaq. Hər kəsi bu fərqliliyi görməyə çağırırıq”.
Cəmilə ƏZİM