Abdulla Şaiqin 140 illiyinə həsr edilmiş “Arazdan Turana” məqalələr toplusunun təqdimatı...- FOTOLAR 

2021-ci il dekabrın 14-də Abdulla Şaiqin Mənzil-Muzeyində görkəmli ədibin 140 illiyinə həsr edilmiş virtual konfransın materiallarından ibarət məqalələr toplusunun təqdimat mərasimi keçirilib.
 Kitabın təqdimatında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə  Paşayeva, Millət vəkili, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı,  Azərbaycan Türk Ocaqları başqanı , "Şərq" qəzetinin baş redaktoru, Dr. Akif Aşırlı,  Prof.Dr. Fərrux Rüstəmov, Dos.Dr. Təranə Turan Rəhimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva çıxış edib.
Tədbiri giriş sözü ilə açan A.Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə deyib ki, 2021-ci ildə Abdulla Şaiqin anadan olmasının 140 illiyi çərçivəsində bir sıra onlayn tədbirlər keçirilib. Pandemiya dövründə muzeydə nəhayət canlı tədbirin keçirilməsi hər kəsə xoş təəssürat bağışlayır.

Abdulla Şaiqin və onun oğlu, akademik Kamal Talıbzadənin ruhu bu gün şaddır. Çünki qədirbilən mötəbər ziyalılar bu gün Şaiq ocağının qonağıdır.

Akademik İsa Həbibbəyli öz çıxışında deyib: “Bura gəlmək bir çox cəhətdən əlamətdardır. Bu ocağın Azərbaycan gəncliyinin yetişməsində böyük rolu var. Abdulla Şaiq realist-romantikdir. Ədibin əsərləri uşaq ədəbiyyatının qızıl fonduna daxildir. Bu balaca muzey ədibin dostlarını, çevrəsini, yaradıcılığını, maarifçilik fəaliyyətini əks etdirən nümunəvi muzeydir. Təqdim olunan kitabda təkcə Abdulla Şaiqə deyil, onun bütün maarifpərvər silahdaşlarına qiymət verilir. Abdulla Şaiq maarifçi, azərbaycançı, türkçüdür. Əfsuslar olsun ki, hələ ədibin həyat və yaradıcılığını əhatə edən kitab yoxdur. Biz bu istiqamətdə iş aparmalıyıq”.
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdimat mərasiminin məhz Abdulla Şaiqin Mənzil-Muzeyində keçirilməsinə xüsusi önəm verib: 

“Şaiq turançıdır. Abdulla Şaiqin əsərlərində turançılıq bir mədəniyyət birliyidir. Bəli, Abdulla Şaiq maarifçidir, uşaq ədəbiyyatının formalaşmasında daha çox araşdırılıb. Onunla bağlı digər məsələlər kölgədə qalıb. Məsələn, qardaşı Yusif Ziya arzuolunan səviyyədə tanınmır. Abdulla Şaiq Azərbaycanda Türk Ocaqlarının qurucularından biri idi. Təəssüf ki, onun fəaliyyətinin bu tərəfi gündəmə gəlməyib. Sovet işğalı zamanı o, maarif cəbhəsində vuruşmağı münasib bildi. Ədib yaradıcılığının hər bir dövründə xalqına xidmətin yolunu tapdı. Nə yaxşı ki ziyalılarımızdan bəziləri kimi Abdulla Şaiq də repressiyadan qurtuldu və xalqa xidmətə davam etdi. Nə yaxşı ki Azərbaycanın Şaiqi var. Nə qədər ki, Azərbaycan var, Abdulla Şaiq yaşayacaq.

Bu ilin martında keçirdiyimiz konfrans da, bu gün təqdimatını keçirdiyimiz toplu da “Arazdan Turana” adlanır. 

Bu da təsadüfü deyil. Bu ad fədakar maarifçi, turan ülkülü ədibin vizyonunu göstərir. Abdulla Şaiqin dünyabaxışı, həyat yolu onun şeirlərində öz parlaq inikasını tapıb. Çünki könlü, ömrü yaradıcılığına çöküb. Abdulla Şaiqin ictimai fəaliyyətində Əhməd Cavadla “Türk Ocaqları”nın Azərbaycan bölməsini yaratması xüsusi yer tutur. Çox şadıq ki, bu gün də hamımız üçün doğma olan “Türk Ocaqları” həm qardaş Türkiyədə, həm də Azərbaycanımızda fəaliyyət göstərir. Abdulla Şaiq ailəsinin davamçısı, Abdulla Şaiqin Mənzil-Muzeyinin rəhbəri, gözəl ziyalımız Ülkər xanım Talıbzadə ilə, Akif Aşırlı ilə, Əhməd Cavadın ailə üzvləri ilə, Əli Bəy Hüseynzadənin ailə üzvləri ilə yanaşı mən də Azərbaycanda “Türk Ocaqları”nın bərpaçıları arasındayam.

Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. Abdulla Şaiq bir maarifçi idi. Abdulla Şaiq milli mənlik şüurunun tərənnümçüsü, təbliğçisi və yaradıcılarından, onu zənginləşdirənlərdən biri idi.  Abdulla Şaiq Türk birliyi ideyasına könüldən bağlı insan idi. Bütün bunlar indi də güncəldir. Bəli, bizim indiki gənclərə öyrədəcəklərimizin içində Abdulla Şaiqin öz zamanında öyrətmək istədikləri də, Abdulla Şaiqin özünün həyatı, yaradıcılığı da var”.

Azərbaycanda “Türk Ocaqları”nın başqanı, “Şərq” qəzetinin baş redaktoru  Dr. Akif Aşırlı Abdulla Şaiqin “Türk Ocaqları”nda fəaliyyətindən danışıb. 

O, təəssüflə bildirib ki, Sovet dönəmində Abdulla Şaiq yalnız uşaq yazıçısı kimi tanınırdı. 90-cı illərdən sonra Şaiqin bilinməyən tərəfləri üzə çıxdı. Abdulla Şaiqin qardaşı Yusif Ziya hələ də yetərincə tanınmır. Onların həyat və fəaliyyətləri ilə bağlı tədqiqatlar davam etdirilməlidir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Abdulla Şaiqin Azərbaycan maarifçiliyinin inkişafında, yeni nəslin tərbiyəsində xidmətlərindən danışıb, ürək sözlərini bölüşüb: “Bu il Nizami Gəncəvi İlidir. Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı bir sıra layihələr hazırlamışıq. Məsələn, Nizami irsinin uşaqlar üçün uyğulanması çərçivəsində Abdulla Şaiqin də Nizamidən etiyi tərcümələrə müraciət etmişik”.

Abdulla Şaiqin tərcümələrini çox yüksək dəyərləndirən G.Əfəndiyeva, onun nəinki Şərq ədəbiyyatından, bütün dünya ədəbiyyatından etdiyi tərcümələr barədə danışıb, Abdulla Şaiqlə bağlı müxtəlif birgə layihələr keçirməyə hazır olduqlarını bildirib.

Muzeyin böyük elmi işçisi f.ü.f.d. Arzu Hacıyeva Abdulla Şaiqin yaradıcılığına və şəxsiyyətinə dövlət qayğısından və oxucu marağından danışıb. Altun Mikayıllı, Fərrux Rüstəmov, Təranə Turan Rəhimli çıxışlarında yeni nəşrlə bağlı fikirlərini bölüşüb, Abdulla Şaiqin çox geniş yaradıcı və ictimai pedaqoji fəaliyyətindən söhbət açıblar.

Sonda muzeyin direktoru Ülkər Talıbzadə ədibin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” məqalələr toplusunun nəşrinə görə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, zəhməti keçən hər kəsə oxucular və muzeyin kollektivi adından təşəkkür edib.

 Xatırladaq ki, 2021-ci il martın 18-də keçirilən konfrans Milli Məclisin Mədəniyyət Komitəsinin Mədəniyyət Nazirliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, TÜRKSOY,  Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkilatçılığı, Abdulla Şaiqin Mənzil-Muzeyinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin, “Türk Ədəbiyyatı Vəqfi”, Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU-nun Quba filialının dəstəyi ilə baş tutmuşdu. Həmin yubiley konfransında Abdulla Şaiqin pedaqoji və ictimai fəaliyyəti, geniş ədəbi yaradıcılığının müxtəlif qolları haqqında məruzələr və çıxışlar səslənmişdi. Təqdim olunan yeni “Arazdan Turana” kitabında konfransda səslənən çıxışlar və elmi məruzələr, ədibin şeirlərindən örnəklər və Mənzil-Muzeyinin Əsas fondunda qorunan fotoşəkillər yer alıb. Toplunun layihə rəhbəri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, tərtibçisi Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, məsləhətçiləri Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, RHİM İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, redaktoru Dos.Dr. Arzu Hacıyevadır.
Toplu “CBS”-də nəfis tərtibatla nəşr edilib.