Ədəbi mühit narazıdır! – “...Bu adamların hamısından zəhləm gedir”

"Fikir verirəm, sərgiyə gələn adamların əksəriyyəti də xüsusi əda ilə yerli müəllifləri, gənc yazarları oxumadıqlarını deyirlər”

“Bunu belə fəxrlə demələrinin səbəbini hələ də anlaya bilməmişəm”

“Onlar elə aclıqdan ölsə yaxşıdı. Yenə bilərəm ki, çörək tapmayıb öldü,  kitabsızlıqdan, savadsızlıqdan, beyinsizlikdən yox "



Məlum olduğu kimi, Bakı İdman Sarayında təşkil olunan milli kitab sərgisinin başa çatmasına sayılı günlər qalıb. Naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Facebook"da sərgi ilə bağlı  çağırış xarakterli paylaşım edib. O bildirib ki, müəllim, yazıçı, şair, müxbir, qəzetçi, məmur və s. hər kəs  millətin oxumadığını deyir, amma başa düşmürlər ki, millət elə onların özüdür: " O komfort zonasını tərk edin, kitab sərgilərinə qatılın ki, millət oxusun da ".  Paylaşıma yazılan çoxsaylı şərhlərdən də məlum olur ki, bu dəfəki sərgi öncəkilərə nisbətən daha passivdir. 

Maraqlıdır, bu passivliyin əsas səbəbləri nələrdir? Məkan, qiymət, yoxsa, elə Şahbaz bəyin dediyi kimi hər kəsin "millət oxumur " deyib özünü kənara çəkməsi?

Mövcud vəziyyəti "Sherg.az" a şərh edən yazıçı, jurnalist, kulis.az-ın baş redaktoru Ulucay Akif  vurğulayıb ki, heç öncəki sərgilərdə də xüsusi aktivlik olmayıb:

"Sadəcə əvvəlkində  məkan daha dar, balaca zirzəmi kimi olduğu üçün elə təəssürat yaranmışdı ki, guya çox adam gəlib. Reallıq elə bu günlərdə gördüyümüz mənzərədi. Sərgidəki adamların əksrəiyyəti elə kitab satmağa gələn naşirlər, mağazalar və yazarlardı ".

Yazıçı  çoxlu sayda oxucunun olmadığını və  barmaqsayı qədər adama isə oxucu deməyin  ayıb olduğunu söyləyib .O sərgidə gənc yazarlara göstərilən ögey münasibətə  diqqət çəkib:

 "Fikir verirəm, sərgiyə gələn adamların əksəriyyəti də xüsusi əda ilə yerli müəllifləri, gənc yazarları oxumadıqlarını deyirlər. Bunu belə fəxrlə demələrinin səbəbini hələ də anlaya bilməmişəm.Yazar dostlarıma məsləhətim odur ki, bu insanlardan ümidlərini üzsünlər. Bu insanlar daha ciddi işlərlə məşğuldular, kitab oxumağa vaxtları yoxdu. Tosu Zəngilanlı, Bayram Nurlunun videolarına baxmağa, Tiktok üçün video çəkməyə sərf etdikləri vaxtı kitab oxumağa sərf edəcəklər? 

Kitab oxusalar, o TikTok üçün səy-səy videoları kim çəkəcək? Tosu Zəngilanlını kim fenomen eləyəcək?".

Baş redaktor adamların kitab almamasını imkansızlıqla bağlayanlarla səslənib: 

"Doğrudan siz fikirləşirsiniz ki, bu adamların daha çox pulu olsa, kitab alacaqlar, mütaliə edəcəklər? Ciddisiniz? Bu yalanlara sizi kim inandırıb? Görən elə biləcək imkanı yaxşı olan adamlar bütün günü kitab oxuyurlar. Mənim ucdan tutma bu adamların hamısından zəhləm gedir. Bu adamlar elə aclıqdan ölsə yaxşıdı. Yenə bilərəm ki, çörək tapmayıb öldü,  kitabsızlıqdan, savadsızlıqdan, beyinsizlikdən yox ".